Valdas Dambrauskas: “Buna hazır olmalıyıq”
25.10.2026 - 21:54
Valdas Dambrauskas: “Buna hazır olmalıyıq”

Misli Premyer Liqasının IX turunda "Sabah" "Qarabağ"la qarşılaşıb - 0:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

- Sanki hər iki komanda bir-birindən ehtiyat edirdi. Xüsusən də birinci hissədə...

- ​Düzdür, bu gün elə rəqibə qarşı oynadıq ki, keyfiyyətli komandadır. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. İki komandanın da müdafiə xətti bu gün yaxşı çıxış etdi. Birinci hissədə biz hücum edərkən rəqibi qapısına sıxışdırmışdıq. Birinci hissədə daha çox rəqibin müdafiə xəttinin arxasına verilən ötürmələr var idi, ikinci hissədə də çox idi. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Düzdür, bu gün qollar olmadı. Amma atmosfer, hər iki komandanın azarkeşləri möhtəşəm ab-hava yaratmışdı. Hansısa Avropa ölkəsinin liqa oyunundan fərq yox idi. Təəssüf ki, azarkeşlərə qollar hədiyyə edə bilmədik.

- ​Mərdəkan "Sabah" üçün Masazırdan daha əlverişlidir? Meydança, stadion sizi nə dərəcədə razı salır?

- ​Şübhəsiz ki, bugünkü yeni arenamız daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam. Amma burada olan şərait, ot örtüyü ən yaxşılarından biridir. Bu gün bizim üçün məsafə çox önəmlidir. Əvvəllər Masazıra getmək üçün 1 saat 30 dəqiqə vaxt sərf edirdik. Avtobusda gedərkən uşaqlarda ürəkbulanması da olurdu. Ancaq indi bura gəlmək üçün 15 dəqiqə vaxt sərf edirik. Buradakı şərait daha yaxşıdır.

- ​Bir ara əsas heyət oyunçusu olmuş Rəhman Daşdəmirov artıq oynamır. Rəqabətdə uduzur?

- ​Rəhmanın bu ana qədər etdikləri çox önəmlidir, möhtəşəm işlər gördü. Bu mövsüm 50-dən çox oyunumuz olacaq. Bəzi mövqelərdə rotasiya etməliyik. Rəhman bizim üçün çox önəmli oyunçudur. Gələcəkdə də onu görə bilərik.

- ​"Sabah"ın futbolçuları üçün cəlbedici təklif gələrsə, fokuslanmaqda problem yarana bilər?

- ​Əlbəttə ki, bu cür təkliflər olsa, çox xoşbəxt olardım. Çünki bu, bizim oyunçularımızın, klubumuzun keyfiyyətini, gördüyü işi göstərəcək. Bununla fəxr edərdim. Müqavilələr sonsuz deyil, müqavilələr bitir, bəzən yenilərini axtaracağıq. Buna hazır olmalıyıq. Belə hallar baş verəcəksə, gedənlərin yerini gücləndirməliyik. Belə hallar yaşansa, çox xoşbəxt olaram.

- ​"Borussiya" və "Qarabağ"a qarşı oyunlar arasında hansı fərqlər var?

- ​Hər iki oyun bir-birindən fərqlidir, hər iki komandanın oyun tərzi fərqlidir. "Borussiya" üçlü müdafiə ilə çıxış edirdi, hücumda say üstünlüyü əldə edirdilər. "Qarabağ" daha fərqlidir, topla çıxışı fərqlidir. Çalışırıq ki, hər rəqibə fərqli yanaşaq. İndi bu oyun bitdi, "Turan Tovuz"la matçı düşünəcəyik. Futbolçularım möhtəşəmdir, vaxtımız azdır, onlara detallar verməlisən. Bəzən cəmi bir məşqimiz olu. Pressinqi, hücumları, standart vəziyyətləri işləməliyik. Bəzən bir məşqdə bunları çatdırmaq çətindir. Futbolçularıma təşəkkür edirəm, xırda detalları çox tez icra edirlər.

- ​Çempionluq mübarizəsindəki əsas rəqibləriniz - "Neftçi" və "Qarabağ"la oyunlarda qol vurmaq alınmadı. Bu iki oyundan məmnun ayrıldınız, yoxsa 4 xal itirmiş kimi?

- ​Hələlik bu barədə danışmaq çox erkəndir. Cəmi 8 oyun oynamışıq. Bu yarışda çox şeylər danışıla bilər. Siz belə fikirləşirsiniz. Amma onlar da öz aralarında xal itiriblər. Əlbəttə ki, məni sadəcə qalibiyyət məmnun edə bilər. Amma böyük məyusluq da yoxdur. Bəzi dəyişikliklər etmişdik. Çətin perioddan keçirik. Çox sıx qrafikimiz var idi, ancaq şikayət edə bilmərik, ÇL-də oynamaq istəyirdik. Bu mövsüm çempionluq mübarizəsi ötən mövsümkündən daha ağır olacaq. "Neftçi" və "Qarabağ" bu yarışda olacaqlar, şübhəm yoxdur. Onların oyunçularının gözündə bu istək var. Bu cür rəqabətli oyunlar bizi daha da inkişaf etdirir. Ötən mövsüm "Qarabağ"a qarşı oyunlarımızdan (kaş ki, 200 belə oyun olsun) çox şey öyrəndik. "Qarabağ" möhkəm mentalitetə malik olan komandadır. O oyunlardan da çox şey öyrəndik. "Turan Tovuz", "Zirə", "Şamaxı"... Gəncədə "Kəpəz"lə oynamaq hansısa komanda üçün asandır? Çətindir. Gələcəkdə nələrin olacağını deyə bilmərik. Qarşıda 25 oyun var. Bizim üçün ən önəmli oyun qarşıdakı oyundur.