
"Neftçi" basketbol komandasının baş məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, bunu o, Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin "Abşeron"la matçını (81:72) dəyərləndirib:
"Artıq finaldayıq. "Sabah"la oyuna hazırlaşıb ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Öncə komandamı gözəl oyuna və layiqli qələbəyə görə təbrik edirəm. Deyim ki, bizim üçün çox çətin oyun idi. Rəqib komanda hər iki qarşılaşmada öz gücünü göstərdi. Bunun səbəbi isə o idi ki, onlar çox sayda oyun keçirmişdilər. Bizim isə müntəzəm mövsümdən sonra cəmi dörd oyunumuz olmuşdu. Görüşə yavaş və ağır tempdə başladıq. İkinci hissədə səhvlərimizi müzakirə etdik və müəyyən dəyişikliklər etdik. Fasilədən sonra bizim oyunumuz başladı və matçı idarə edən tərəf olduq. Hücumda və müdafiədə ribaundları idarə etdik. Basketbolçularım rəqibin zəif nöqtələrini və öz oyunlarını tapdılar. Belədə hücumu gücləndirdik. İyirmi dörd assist etdik və bu çox yaxşı nəticə idi".
Qeyd edək ki, final seriyasına mayın 2-də start veriləcək. "Neftçi" son çempion "Sabah"la qarşılaşacaq.