İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, Bağırov 100 kq çəki dərəcəsinin finalında Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub.
Cüdoçumuz həlledici görüşədək İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) mübarizədən kənarlaşdırıb.
+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov da günü məğlubiyyətsiz başa vurub. O, finalda serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov finala gedən yolda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) üstələyib.
Beləliklə, Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub. Daha əvvəl İslam Rəhimov da (-66 kq) ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olmuşdu.