“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu Azərbaycan təmsilçisi ilə qarşılaşma, Lamin Yamalın yoxluğu və komandasının sıx oyun qrafiki barədə sualları cavablandırıb.
– Hans-Diter Flik sizə “Sabah” haqqında nə deyib?
– Oyuna yaxşı başlamaq çox vacibdir. Düşünürəm ki, “Sabah” müdafiədən oynayacaq. Biz də öz növbəmizdə həmişə olduğu kimi daha yaxşı çıxış etməliyik ki, qələbə qazanaq.
– “Barselona”nın əsas heyətində çıxış edirsiniz. Rodrinin gəlişindən sonra isə fərqli mövqelərdə oynayırsınız. Hazırkı vəziyyətinizi necə qiymətləndirirsiniz?
– Zədəli idim, amma artıq geri qayıtmışam. Özümü yaxşı hiss edirəm. Bundan sonra necə olacağını görəcəyik. Hazırda özümə inamım yüksəkdir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Belə qarşılaşmalar müəyyən mənada bizim üçün məşq xarakteri də daşıya bilər.
– Sabahkı qarşılaşmada Lamin Yamal iştirak etməyəcək. Onun yoxluğu komandaya necə təsir göstərəcək? Bu, digər futbolçular üçün özlərini göstərmək fürsəti ola bilərmi?
– Yamalın yoxluğu mütləq hiss olunacaq. O, çox istedadlı futbolçudur və təkbaşına təhlükəli vəziyyətlər yarada bilir. Elə qarşılaşmalar olur ki, digər futbolçular onun yaratdığı təhlükəni eyni səviyyədə yarada bilmirlər. Buna görə də sabah onun yoxluğunu hiss edəcəyik. Bununla belə, heyətimizdə onu əvəz edə biləcək kifayət qədər futbolçu var.
– Ötən həftə “Vilyarreal”la qarşılaşmısınız, sabah “Sabah”la oynayacaqsınız, bazar günü isə “Deportivo” ilə üz-üzə gələcəksiniz. Bir həftə ərzində bu qədər oyun keçirmək nə dərəcədə çətindir?
– Artıq belə sıx qrafikə öyrəşmişik. Son illərdə demək olar ki, daim bu rejimdə çıxış edirik. Bir həftə ərzində iki-üç oyun keçiririk. Təbii ki, bu, asan deyil. Ancaq hər qarşılaşmaya ciddi hazırlaşırıq. “Sabah”la oyuna da yaxşı hazırlıq keçirik. Ümid edirəm ki, sabah tam hazır olacağıq. Müəyyən yorğunluq var, amma bu, bizim üçün yeni vəziyyət deyil.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.