Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
06.10.2026 - 16:55
Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Apasport.az xəbər verir ki, Yağız Sabuncuoğlunun məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası davam etdiyi vaxt italiyalı mütəxəssis də danışıqlar aparmaq üçün Rivadakı Hasan Doğan Milli Komandalar Təlim-Məşq Mərkəzinə gəlib.

İclasda Montellanın gələcəyinin də müzakirə ediləcəyi bildirilir. TFF-nin fövqəladə toplantısının gündəmində milli komandanın son uğursuz nəticələri də var.

Belə ki, Türkiyə yığması son dövrdə ciddi böhran yaşayır. Komanda 2026-cı il dünya çempionatında qrup mərhələsini sonuncu pillədə başa vuraraq mübarizəni dayandırıb. Türkiyə D qrupunda 3 oyundan 3 xal toplayıb.

Montellanın komandası dünya çempionatından sonra Millətlər Liqasında da uğursuz çıxış edib. Türkiyə Fransa, İtaliya, Belçika və yenidən İtaliyaya qarşı keçirdiyi ilk 4 görüşün hamısında məğlub olub. Son olaraq İtaliya ilə səfər matçı 1:3 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, Montella son məğlubiyyətdən sonra gələcəyi ilə bağlı nikbin danışaraq Türkiyə millisində işləməyə davam etmək istədiyini bildirib. Buna baxmayaraq, Rivadakı bugünkü görüşdən sonra italiyalı mütəxəssislə bağlı qərar verilə biləcəyi gözlənilir.