Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək İsrail hökumətinin İstanbul təmsilçisindən UEFA-ya şikayət etdiyini bildirib.
Apasport.az xəbər verir ki, klub rəhbərinin sözlərinə görə, buna səbəb “Qalatasaray” azarkeşlərinin Fələstin xalqına dəstək məqsədilə tribunalarda açdıqları pankartlar olub.
Dursun Özbək məsələ ilə bağlı açıqlamasında bunları deyib:
“Netanyahu hökuməti azarkeşlərimizin Fələstin xalqına dəstək məqsədilə açdıqları pankartlara görə klubumuzdan UEFA-ya şikayət edib.
Türk milləti olaraq tarix boyu olduğu kimi, bu gün də məzlumların yanında dayanmağa, Fələstin xalqının yaşadığı əzablara səssiz qalmamağa davam edəcəyik.
Dünyanın müxtəlif yerlərində Fələstin xalqına qarşı edilən zülmə etiraz olaraq yüksələn ortaq vicdani səsin də göstərdiyi kimi, bu, siyasi deyil, insani və vicdani mövqedir”.
Qeyd edək ki, “Qalatasaray” azarkeşləri daha əvvəl də komandanın oyunlarında Fələstinə dəstək nümayiş etdirən pankartlar açıblar.