Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölümündən bir ildən artıq vaxt keçir.
Apasport.az saytının məlumatına görə, ötən il noyabrın 25-də - 60 yaşında vəfat edən argentinalının həyatı qalmaqallı, hərəkətli alınıb.
Onun 60 illik rəngarəng həyatına qısaca göz gəzdirək.
Dieqo Argentinanın paytaxtı Buenos-Ayresdə gecəqonduda anadan olub.
Hansı ki, həmin evdə heç elektrik enerjisi olmur.
14 yaşında “Argentinos Juniors”da peşəkar oyunçu kimi debüt edir. Orada 5 il keçirir, 166 matçda 116 qol vurur.
20 yaşında uşaqlıq arzusu - sevimli komandası “Boka Xuniors”a keçir. İlk mövsümündə La Bombonera titulunu qazanır.
İlk ölkə xarici macərası Kataloniya olur. 1982-ci ildə 5 milyon avroluq transferlə yollandığı “Barselona”da 53 qol vurur.
Ancaq bir müddət sonra əvvəlcə hepatitə yoluxur, daha sonra “Atletik”in oyunçusu Andoni Qoykoetxea tərəfindən zədələnir. Bir sözlə, “Barselona”da işləri istədiyi kimi getmir.
Dünyanın ən bahalı futbolçusu adı altında İtaliyanın ən kasıb şəhərlərindən birinə - Neapola yollanır. Bununla təkcə futbol deyil, idman tarixinin gedişatı dəyişir.
85 min insan Maradonaya “Xoş gəlmisiniz” demək üçün debüt matçında “San Paolo”ya toplaşır.
1984-cü ildə keçdiyi “Napoli”də 7 il möcüzəvi işlərə imza atır. İki dəfə ölkə çempionluğunu, bir dəfə UEFA Kubokunu, bir dəfə İtaliya kubokunu, bir dəfə isə İtaliya Superkubokunu qazanır.
Həmin vaxtdan şəhərdə “Argentinalı Məsih” kimi çağırılır.
Ona olan sevginin nə dərəcədə olduğunu izah etmək üçün bir hadisəni xatırladaq: 1990-cı il dünya çempionatında ev sahibi İtaliya Argentina ilə qarşılaşıb. Görüş Neapolda keçirilib. Həmin gün stadionu dolduran neapollular İtaliyaya yox, Maradonanın ölkəsi Argentinaya azarkeşlik edib.
1991-ci ildə “Bari” ilə görüşdən sonra test verib və kokaindən istifadə etdiyi üzə çıxıb. Bu üzdən 15 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Mafiya ilə yaxınlaşdığı Neapoldan ayrılma vaxtı idi. “Napoli”dən sonra “Sevilya” və ölkəsində “Nyuells Old Boyz”da çıxış edib.
1997-ci ildə karyerasını “Boka Xuniors”un oyunçusu kimi bitirib.
Formasını geyindiyi komandalarda bütün turnirlərdə 588 matça çıxan Maradona 312 qola imza atıb.
1986-cı ildə Argentina millisinin qazandığı dünya çempionluğunda mühüm rol oynayıb.
1/4 finalda İngiltərəyə vurduğu qola futbol dünyası “Tanrının əli” deyir.
Elə həmin görüşdə topu 60 metr apararaq, 5 nəfəri aldadıb vurduğu qol FİFA-nın 2002-ci ildə keçirdiyi səsvermədə “əsrin qolu” seçilib.
Yığmanın heyətində 91 oyunda 34 dəfə fərqlənib.
Narkotik aludəçiliyinə görə aldığı cəzalardan biri 1994-cü il dünya çempionatından kənarlaşdırılması olub.
Bu pis vərdişləri olmasaydı, şübhəsiz daha yaxşı futbolçu kimi xatirələrdə qalardı.
Səhvləri, savabları ilə nə yaxşı ki, bu dünyadan bir Dieqo Maradona keçdi.