O, 1930-1940-cı illərin ən önəmli qolçusu idi. Ancaq oynadığı dönəmdə oyun protokollarının tam yığılmaması ucbatından əksər qolları hesaba alınmayıb.
Üstəlik, əla formada olduğu dövrdə iki dünya çempionatının müharibə səbəbindən keçirilməməsi layiq olduğu şöhrətin azı ilə kifayətlənməsinə səbəb olub. Söhbət bütün dövrlərin ən məhsuldar futbolçuların hesab edilən Jozef Biscandan gedir.
Apasport.az saytının “Ulduzlar” rubrikası bu dəfə məhz mərhum forvarda həsr olunub.
1000-dən çox qol?
Futbol dünyasında son illər Kriştiano Ronaldo və Lionel Messinin anormal qol göstəriciləri bütün dövrlərin ən məhsuldar futbolçusu ilə bağlı müzakirələrə yol açıb. Keçmişdə baş tutan oyunların heç də hamısı FIFA tərəfindən rəsmi matç kimi qəbul edilmədiyindən, bir çox oyunçunun qol sayı düzgün hesablanmayıb. Xüsusən də, II Dünya Müharibəsindən əvvəl çıxış etmiş futbolçuların göstəricilərini dəqiq hesablamaq mümkün deyil.
Bütün bunlara rəğmən XX əsrin ilk yarısının ən böyük qolçuları dedikdə, ağıla ilk gələn Jozef Biscandır. Ötən əsrin 30-40-cı illərinin ən dəyərli oyunçularından hesab edilən Biscanın rəsmi qol sayı 800-ü keçir. Ancaq iştirak etdiyi oyunların bir çoxunun protokolu tapılmayan Biscanın 1000-dən çox qol vurduğunu iddia edənlər də az deyil. Həqiqət ondan ibarətdir ki, Jozefin dönəmində heç kim onun qədər fərqlənə bilməyib.
Biscandan əvvəl braziliyalı Artur Fredenrix və almaniyalı Ervin Helmçenin də 1000-dən çox qol vurduğu barədə iddialar mövcuddur. Ancaq onlar daha çox həvəskar xarakterli matçlarda fərqlənib. Fredenrix Braziliya yığmasında cəmi 10 qol vurubsa, Helmçenin bir dəfə də olsun Almaniya millisinin formasını geyinməyib. Ancaq Biscanın dönəmində Avstriya və Çexoslovakiya Avropanın inkişaf etmiş futbol ölkələri sayılırdı.
Taleysiz atanın sonunu gətirən sevgi
Jozef Biscan 1913-cü il sentyabrın 25-də Avstriya-Macarıstan imperatorluğunun paytaxtı olan Vyanada doğulub. Anası Lyudmila Bohemiya əsilli vyanalılardan idi. Atası Frantişek isə Vyanaya hazırda Çexiyanın ərazisi sayılan Cənubi Bohemiyanın Sedlitse şəhərindən köç edib. Frantişek kiçik şəhərdə iş tapa bilmədiyi üçün Vyanaya üz tutub. Ancaq orada da taleyi üzünə gülməyib. Özü bir fabrikdə işçi, həyat yoldaşı isə restoranın mətbəxində çalışıb. Böyük çətinliklə həyatda qalan ailənin 3 övladı var idi (Biscan ortancıl olub). Jozefin cəmi 1 yaşı olanda I Dünya Müharibəsi başlayıb. Bir il sonra da ata Frantişek Avstriya-Macarıstan ordusu tərəfindən əsgərliyə aparılıb. Frantişek əsgərlikdən sağ-salamat qayıdıb. Ancaq müharibəni uduzan imperatorluq dağılıb, yerində 5 yeni ölkə yaranıb.
Frantişekin ən böyük sevgisi isə futbol olub. Özü yaşadıqları Favoriten rayonunun Avstriya I liqasında çıxış edən “Herta Vyana” klubunda çıxış edirdi. Ancaq bu sevgi onun sonunu gətirdi. “Rapid Vyana”ya qarşı keçirilən bir oyun zamanı rəqibin dizi sərt şəkildə onun qarnına dəyib. Matçdan sonra ağrıları azalmadığı üçün həkimə gedən Frantişekə böyrəyindən ciddi xəsarət aldığı və təcili əməliyyat edilməli olduğu bildirilib. Əməliyyata girəcəyi təqdirdə həm futbol karyerasının bitəcəyindən, həm də işdən qovulmasından qorxan ailənin böyüyü bir müddət gözləməyi məqsədəuyğun bilib. Amma vəziyyəti tezliklə pisləşən Frantişek bir neçə gündən sonra vəfat edib.
Səfil həyatdan futbola atılan ilk addım
Jozef atasını itirəndə cəmi 8 yaşı olub. Atalarının ölümü uşaqları səfil həyata sürüklədi. Çünki artıq yeməyə heç nə tapmırdılar. İki səbəbdən Jozefin gələcəkdə futbolçu olmayacağı düşünülürdü. Birincisi, həmin dövrlərdə futbol həvəskar səviyyədə keçirilirdi və oyunçular bu işdən düz-əməlli pul qazanmırdılar. Yoxsulluq içində böyüyən Jozef artıq evə çörək pulu gətirmək üçün işləməli idi. İkinci səbəb isə Jozefin atasını məhz futbola görə itirməsi idi. 8 yaşında böyük psixoloji zərbə alan bir uşağın gələcəkdə həmin sahəyə sevgi ilə yanaşmasını gözləmək yersiz görünürdü.
Lakin Biscanın dostları ilə tez-tez futbol oynaması tezliklə onda bu sahəyə məhəbbət yaratdı. Ayaqqabısının cırılmaması üçün ayaqyalın futbol oynayırdı. Çünki başqa ayaqqabısı yox idi. Məhz ayaqyalın oynaması onun texniki bacarıqlarını daha da inkişaf etdirib. Onun ən böyük özəlliyi isə nəinki yaşıdlarını, hətta özündən böyükləri də sürətdə asanlıqla keçməsi idi. Hətta topla olarkən də sürəti azalmırdı. Bu cür istedad isə hansısa klubun maraq dairəsinə düşməyə bilməzdi. Nəticədə Jozef 10 yaşında atasının da vaxtilə formasını geyindiyi “Herta Vyana”nın aşağı yaş qrupuna yazılıb. Beş il sonra orta məktəbi yarımçıq tərk edən Jozef “Şustek” adlı başqa kluba üz tutub. Ancaq 16 yaşında “Farbenlutz” adlı firmada işləməyə başlayıb. Bəxti onda gətirib ki, həmin şirkətin futbol komandası var idi. İşçilər iş bitdikdən sonra bir araya gəlib oynayardılar.
Tez parlamaqla artan özbaşınalıqlar
“Farbenlutz”un bazar günkü oyunlarını hərdən baxmağa gələn bir şəxs var idi: “Rapid Vyana” və Avstriya millisinin futbolçusu Roman Şramseis. Jozefin möhtəşəm hücumçu olacağını ilk matçdaca hiss edən Şramseis bir müddət sonra onunla söhbət edərək, “Rapid Vyana”nın akademiyasına yazılmasını təklif edib. Jozef bir qədər çəkinsə də, Şramseis onu razı salmağı bacarıb. Maraqlıdır ki, “Rapid”dəki ilk məşqindəcə ən çox qol vuran oyunçu olur. Bu üzdən məşqçilər onu “Rapid”in həvəskar komandasına cəlb olunmasını məqsədəuyğun bilib. Oradakı ilk görüşündə 5 qolla diqqət çəkən Jozef Avstriya kubokunda keçirdiyi iki matçda da 3 dəfə fərqlənib. “Rapid”in yeni rəhbəri Dionis Şöneker bu performansa biganə qala bilməzdi. Jozef həvəskar komandadakı 3 aylıq çıxışın ardından əsas kollektivə cəlb olunur. Biscan əfsanəsinin başlaması üçün artıq hər şey hazır idi.
Jozef ilk rəsmi matçına 18 yaşının tamam olmasına üç həftə qalmış – 1931-ci il sentyabrın 6-da çıxıb. Vyana derbisində rəqib “Austriya” idi. “Austriya”nın heyətində isə həmin dövrün ulduzlarından sayılan Mattias Sindelar oynayırdı. Sindelar da Biscan kimi, Çexiya əsilli vyanalı idi. O, Biscanın evinə yaxın yerdə qalırdı, hətta Jozefin əmisi ilə də dost idi. Maraqlıdır ki, Sindelar da futbola “Herta Vyana”da başlamışdı. Hətta Mattias uzun müddət Jozefin məsləhətçisi olub, ona futbolun sirlərini başa salıb. Biscanın ilk rəsmi matçında rəqibinin Sindelar olması da maraqlı təsadüfdür. Jozefin artıq ilk 15 dəqiqədə 2 qol vurması hər kəsi təəccübə “boğmuşdu”. “Rapid”in 5:3 hesabı ilə qalib gəldiyi görüşdə 4 qol vuran Biscan debüt oyunundaca ölkə futbolunun unudulmazları sırasına qoşulmağı bacarıb. Jozef futbol tarixində nadir hallarda rast gəlinən başlanğıc etsə də, həm meydanda, həm də ondan kənarda özbaşınalıqları ucbatından tezliklə klub rəhbəri Dionis Şönekerlə arası dəyib. Şöneker isə intizama daha çox önəm verirdi, xüsusən də, gənclərin ulduz xəstəliyinə tutulmasından zəhləsi gedirdi. Məhz bu səbəbdən Biscan oyunlarda gah şans qazanırdı, gah da kənarda qalırdı. Elə bu üzdəndir ki, mövsümü 11 oyunla tamamlayıb. Həmin 11 görüşdə isə rəqib qapılarına 13 dəfə yol tapıb. Növbəti mövsüm də bundan fərqli keçmədi – 18 oyunda 17 qol.
Ardı var...