Əlil arabasından böyük futbolçuya aparan yol - ULDUZLAR
25.02.2021 - 12:28
Əlil arabasından böyük futbolçuya aparan yol - ULDUZLAR

“Real”ın Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” üzərində səfər qələbəsinin memarı yeganə qolun müəllifi Ferlan Mendi olub.

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin yayında “Lion”dan “kral klubu”na keçən 26 yaşlı sol cinah müdafiəçisi artıq Marselonu heyətdən sıxışdırmağı və aparıcı oyunçu olmağı bacarıb.

Halbuki Mendi yaxın keçmişdə nəinki “Real”ın formasını geyinməyi, heç yeriməyi xəyal etmirdi. O, sözün həqiqi mənasında “quyu”dan zirvəyə çıxa bilib.

“Oynaya bilməzsən” deyən həkimləri yanıltdı
PSJ-nin aşağı yaş qruplarına qəbul olan və idealı Ronaldinyo ilə tanış olmaq imkanı yaxalayan Ferlan Paris klubuna gələr-gəlməz, 15 yaşında ağır zədəyə məruz qalır. Bir il futboldan uzaq qalan Mendi ilə bağlı həkimlərin verdiyi xəbər ailəsini şoka salmışdı. Çünki həkimlər ona “bir daha futbol oynaya bilməyəcəksən” demişdilər. Hətta yerimək şansının da cüzi olduğu bildirilmişdi.

Ayağa durmaqda çətinlik çəkən və əlil arabasına möhtac qalan Mendi əvvəlcə əməliyyat olundu. Ardından uzun və ağrılı reabilitasiya dönəmi keçdi. Çünki tək arzusu həkimlərin proqnozlarını alt-üst etmək, yenidən futbol oynamaq idi. Bunu bacardı da.

“Lion”a transferlə açılan yol
Özünə gəldikdən sonra PSJ-dən ayrılaraq 2013-cü ildə “Havr”a üz tutdu. Benjamin Mendi, Riyad Mahrez, Lassana Diarra, Pol Poqba, Dimitri Paye, Stiv Mandanda, Pyerr-Emerik Obameyanq kimi ulduzları üzə çıxaran klubdan söhbət gedir. İstedadı ilə seçilən Ferlan da “Havr”da tezliklə parladı. Onu ilk kəşf edən böyük klub “Lion” oldu. 2017-ci ildə 5 milyon avroya alınan müdafiəçi yeni klubu ilə 5 illik müqavilə bağladı.

“Lion”un həmin vaxtkı baş məşqçisi Bruno Genesio 2017-ci ildə Avropa Liqasında Moskva MOİK-i ilə görüşün gedişində Fernando Marçalın əvəzinə Mendini meydana buraxanda Marçal buna sərt reaksiya göstərmişdi. Baş məşqçinin əlini sıxmaqdan imtina edən Marçal bu hadisədən sonra heyətdəki yerini itirdi. Bu da Ferlana əla şans qazandırdı.

İmkansız heç nə olmadığının sübutu
Əlinə düşən imkandan lazımınca yararlanan Mendi bir il sonra Fransa millisinə qədər yüksəlməyi bacardı. İki il əvvəl isə Zinəddin Zidanın komandası “Real”a keçdi. Həkimlərin “bir daha oynaya bilməz” dediyi oyunçu 24 yaşında astronomik məbləğ sayılan 48 milyon avro qarşılığında dünyanın ən böyük klublarından birinə transfer olundu. Bununla Mendi həyatda imkansız heç nə olmadığını sübuta yetirdi.

writer photo
Əlirza Əlirzalı
0