1958-ci ildəki dünya çempionatı təkcə Pele və Braziliyanın triumfu deyil, həm də Jüst Fontenin ulduz saatı ilə əlamətdardır. Fransalı hücumçu vurduğu 13 qolla mundiallar tarixinə bir yarışda ən çox qol vuran futbolçu kimi düşüb. Dünya futbolunun böyük ulduzlarının kölgəsində qalan Fonten kimdir?
Apasport.az saytı soyuq İsveçdə qol “fontan”ı püskürən Fonteni öz dilindən tanıdır. Mərakeşdə anadan olan 89 yaşlı veteran müxtəlif illərdə verdiyi açıqlamalarla bəzi sirlərin üstünü açıb.
Jüstün gücü: “Mən “Nitsa”ya gələndə hamı deyirdi ki, bu oğlanla ehtiyatlı olmaq lazımdır. Digərləri suallar verirdi: “Niyə? Onun yaxşı zərbəsi var? Başla yaxşı oynayır? Sürətlidir? Yaxşı texnikası var?”. Bütün sualların bir cavabı “bəli” idi. Amma əsl təhlükə mənim mental gücümdəydi”.
Rekordun səbəbi: “DÇ-1958-dəki rekorduma gəlincə, mənim bəxtim gətirdi. 1957-ci ilin dekabrında dizimdən əməliyyat olundum. Yaxşı da istirahət etdim. İyunda daha gümrah idim”.
“Nitsa”nın o vaxtkı baş məşqçisi Luis Karnilyeyə münasibət: “Luis Karnilyedə bəyənmədiyim odur ki, məni kəşf etdiyi barədə danışır. Onun kəşfi o olardı ki, heç vaxt məni oynatmasın. Belə olsaydı, yaxşı işləmiş olardı. Mən dünya çempionatında rekordçu olanda birdən-birə hamı məni kəşf etmiş çıxdı”.
İngiltərənin DÇ-1966-dakı çempionluğunun sirri: “İngiltərə DÇ-1966-da ona görə qalib oldu ki, həm öz evində oynayırdı, həm də daxili çempionat mundialdan ayyarım əvvəl başa çatmışdı. Hazırlaşmaq üçün yaxşı vaxtları var idi”.
Qələbədən sonrakı kabus: “Şampanı sevmirəm. Amma hər dəfə qələbə qazanandan sonra içməli olurdum. Bu əsl kabus idi”.
Sevimli müdafiəçilər: “Yekəpər müdafiəçilərdən xoşum gəlir. Jan-Jak Marsel demişkən, beləsi yerində çevrilənə qədər uzunqulağı bask “beret”i ilə ölənədək vurmaq olar”.
Ölən texnika: “Müasir futbolda oyunçuların texniki ustalığı azalıb. İndi güc və dözümə üstünlük verirlər. Amma yaradıcı oyuna deyil. Amma “Barselona” sübut edir ki, hətta bu gün də gözəl oynamaqla qalib gəlmək olar”.
Bilinməyən rekord: “1967-ci ildə millinin baş məşqçi postundakı ən qısamüddətli işim oldu. Uduzduğumuz iki oyundan sonra məni vəzifəmdən azad etdilər. Bu da daha bir rekord!”.
Aldadıcı televiziya: “Ultramüasir teleekranlar elə təəssürat yaradır ki, sanki futbol daha sürətlidir. Futbol daha sərt və daha tələbkardır. Amma sürəfli deyil”.
Futboldakı pullar: “Mənə tez-tez deyirlər ki, indi oynasaydın, milyarder olardın. Onlardan susmağı və belə şeylərlə məni narahat etməmələrini xahiş edirəm”.
Futbolçu intizamı: “Futboldan sonra da işimi yaxşı qura bildim. Oyunçu olduğum zaman vaxtımı boş yerə sərfitirməmişəm. Düzdür, bir az əyləncəyə meyl etmişəm. Amma yalnız bir az”.
Artmayan sürət: “Futbol bu gün sürətli olmayıb. Unutmayın ki, hələ ötən əsrin 30-cu illərində də insanlar 100 metri 10 saniyəyə qaçırdı”.
Səbirli xanım: “Çox səbirli həyat yoldaşım var. Axı mənimlə dolanmaq çətindir. İnsanların gecikməsinə, mənə Jüst deyə müraciətinə nifrət edirəm”.
Qrup mərhələsi: “Qrup mərhələsi balaca turnirdir. Burada komandalar bir-birini dərindən araşdırıb tanıyır”.
Futbolçulara təzyiq: “Bizim vaxtımızda oyunçulara bu qədər təzyiq göstərilmirdi”.
Rekordu düşünməyən rekordçu: “Mən rekord dalınca qaçmırdım. 3-cü yer uğrunda oyunda təyin olunan penaltini vurmaq imkanından da imtina etdim”.
Əbədi rekordun uzunömürlülüyü: “Düşünürəm ki, bu rekordu özümlə qəbirə aparacam”.
Süni şişirdilmə: “Bu gün hücumçu het-trik edən kimi dəhşətli səs-küyə səbəb olur”.