2 boksçumuz dünya çempionatında növbəti mərhələdə
07.05.2023 - 21:59
2 boksçumuz dünya çempionatında növbəti mərhələdə

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, mundialın 7-ci günündə Azərbaycan millisinin 4 idmançısı gücünü yoxlayıb. 

51 kq çəkidə Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb. 

Yusifzadə 1/8 finalda Patrik Çinyemba (Zambiya) ilə döyüşəcək. Qarşılaşma mayın 9-da olacaq. 

Məhəmməd Abdullayev (+92 kq) də mundialda növbəti qələbəsini qazanıb. O, 1/8 finalda əlcəzairli Murad Kadini mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 28:29, 30:27, 29:28, 29:28). 

Dünya çempionatının mükafatçısı üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-na təsadüf edəcək. 

Ümid Rüstəmov üçüncü döyüşündə Xavyer İbanes Diasla (Bolqarıstan) mübarizə aparıb. Qələbə qazanan rəqib 1/4 finala yüksəlib. 

Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında Salvatore Kavalyaro (İtaliya) ilə qüvvəsini sınayıb və 1/8 finala rəqib vəsiqə qazanıb. 

Qeyd edək ki, yarışın 8-ci günündə Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçaini (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan), Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovu (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) sınağa çəkəcək. 

writer photo
Əlirza Əlirzalı
0