“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi səfər oyunu yubileylə əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, Plzendəki cavab görüşü Azərbaycan klublarının avrokuboklar tarixində 200-cü səfər sınağı olacaq.
İndiyədək təmsilçilərimiz qitə miqyaslı turnirlərdə 199 dəfə rəqib meydanına çıxıb. Bu görüşlərdə komandalarımız 48 dəfə qalib gəlib.
Bu da o deməkdir ki, yubiley – 50-ci qələbə də o qədər uzaqda deyil. “Qarabağ” elə cari mövsüm qrupda bu tarixi uğurun müəllifi ola bilər.
Azərbaycan klubları rəqib meydanındakı 199 matçda 36 heç-heçə edib və 115 dəfə uduzub. Səfərdə 168 qol vuran futbolçularımız 361 top buraxıb.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək.