4 boksçumuz finalda, 3-ü bürünc medal qazandı
23.08.2023 - 19:42
4 boksçumuz finalda, 3-ü bürünc medal qazandı

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yarımfinal döyüşləri başa çatıb. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu finala yüksəlib. 

54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov qazaxıstanlı Akıltay Rabatovla üz-üzə gəlib. Görüş Avropa çempionumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Fərhad Şeydayev (75 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Milli üzvü Daniel Zıryanovu (Rusiya) məğlub edərək finalda iştirak hüququ qazanıb. 

Yığmamızın digər boksçusu Marjona Savriyeva (50 kq) da adını həlledici görüşə yazdırıb. O, 1/2 finalda rusiyalı Mariya Kuzakmetovadan güclü olub. 

Yarımfinalda qüvvəsini sınayan Zeynəb Rəhimova (54 kq) finala gedən yolda Valeriya Linkovanı (Rusiya) sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz bürünc medala layiq görülüb. 

Beləliklə, Azərbaycan millisində finala yüksələn idmançıların sayı 4-ə yüksəlib. Bir gün öncə Tural Sarıyev (51 kq) də yarımfinal görüşündən qələbə ilə ayrılıb. 

Rəhimovadan əvvəl isə Mehparə Məmmədova (48 kq) və Şəmsi Şahbazov (71 kq) festivalı bürünc medalla başa vurub. 

Qeyd edək ki, yarışda final döyüşləri avqustun 24-də və 25-də keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0