Gənclər və İdman Nazirliyinin (GİN) növbəti Kollegiya iclası keçirilib.
GİN-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən yığıncaqda 2023-2024-cü illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı (qeyri-Olimpiya növləri üzrə) müzakirə edilərək qəbul olunub.
Həmçinin 2023-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı və təqvim planı da Kollegiya qərarı ilə təsdiq olunub.
Ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın təqdimatı əsasında “Azərbaycan Kamandan Oxatma Federasiyası” İB, “Azərbaycan Kikboksinq Federasiyası” İB, “Azərbaycan Alpinizm Federasiyası” İB, “Azərbaycan MMA (Mixed Martial Arts) və Grappling Federasiyası” İB, “Azərbaycan Karate Federasiyaları Assosiasiyası” İB və “Azərbaycan Elektron İdman Növləri Federasiyası” İB-nin “respublika idman federasiyası (assosiasiyası)” statusları təsdiq edilib.
Kollegiya qərarı ilə məşqçilər Quliyev Elşad Əhməd oğlu (minifutbol), İsmayılov Elçin Telman oğlu (cüdo) və Zeynalov Elnur Əli oğluna (futbol) “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı verilib. Eləcə də, minifutbol üzrə yığma komandanın üzvləri Həsənzadə Ramil Ziyəddin oğlu, Kərimi Davud Əfqan oğlu, Soltanov Bəxtiyar İslam oğlu, Məmmədov Seymur Məzahir oğlu, Rzayev Mirmehdi İlham oğlu, Kərimov Rəvan Rüfət oğlu, Məhərrəmli Tanrıverdi Xanlar oğlu, İsayev Vüsal Vüqar oğlu, Həmzəyev Samir Məhəmməd oğlu, Əmircanov Təmraz Elxan oğlu, Əlizadə Elvin Əli oğlu, Borisov Vtaliy Yuryeviç, Babayev Taleh Tariyel oğlu, Nərmanov Tural Mobil oğlu və Zeynalov Asif Arif oğlu “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülüblər.