Adil Hüseynov: “Bizim vaxtımızda belə gözəl stadionlar olsaydı, yığma dünya çempionatında iştirak edərdi” - Müsahibə
16.02.2024 - 15:55
Adil Hüseynov: “Bizim vaxtımızda belə gözəl stadionlar olsaydı, yığma dünya çempionatında iştirak edərdi”
 - Müsahibə

“Legioner limiti ilə bağlı məsələ AFFA-nın yarandığı 1992-ci ildən mövcuddur”.

Apasport.az xəbər verir ki, bunu futbol veteranı Adil Hüseynov saytımıza açıqlamasında deyib.

Ötən əsrin 70-ci illərində “Neftçi”, Naxçıvanın “Araz” və başqa klublarda çıxış etmiş sabiq futbolçu Azərbaycan çempionatındakı legioner limiti barədə fikirlərini açıqlayıb:

“Hesab edirəm ki, hər klubun rəhbərliyi öz qarşısında nəticə qazanmaq məqsədi qoyur. Bunun üçün ya yerli futbolçular yetişdirməlidirlər, ya da kənardan legionerləri cəlb etməlidirlər. Yanaşma belə olmalıdır ki, limit kimə lazımdır? Biz limiti tətbiq edəndə ilk fikrimiz odur ki, öz yaxşı futbolçularımızı hazırlayaq. Onlar da Azərbaycanı təmsil etsinlər”.

Futbol veteranı baş məşqçisiz qalan Azərbaycan milisini yerli mütəxəssisin çalışdırmalı olduğunu düşünür:

“Birinci məsələ milli komandanın nailiyyətlər əldə etməsidir. Azərbaycanda çox sayda istedadlı, bacarıqlı məşqçilər var. Bu, Azərbaycan futbolunun ənənəsidir. Bizdə həmişə yaxşı məşqçilər olub. Hesab edirəm ki, hazırda onların arasında ən nüfuzlusu Qurban Qurbanovdur”.

Adil Hüseynov futbolçuların inkişafı üçün hər cür şəraitin olduğu fikrindədir:

“Qiymətləndirmədə belə bir müqayisə metodu var. Bizim vaxtımızda belə gözəl şərait, gözəl stadionlar olsaydı, Azərbaycan millisi ən aşağısı Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edəcəkdi”.

Adil Hüseynov son olaraq, UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Braqa" ilə qarşılaşmasından da söhbət açıb: "Mən düşünürəm ki, biz onların müdafiəsinin güclü olmamasından istifadə etməliyik. Təbii ki, müdafiədə, xüsusən də, ortada bir az diqqətli olmalıyıq". 

Qeyd edək ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti olan sabiq futbolçu Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0