“Qarabağ”ın Portuqaliyanın “Braqa” klubu üzərində qələbə qazanaraq Avropa Liqasının 1/8 finalına yüksəlməsi münasibətilə təbrik edirəm. Bu, uzun intizardan sonra qazanılan tarixi qələbədir”.
Bu sözləri apasport.az-a açıqlamasında futbol veteranı Adil Hüseynov deyib.
Ötən əsrin 70-ci illərində “Neftçi”, Naxçıvanın “Araz” və başqa klublarda çıxış etmiş sabiq futbolçu Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışına münasibət bildirib: “Bu qələbə bir daha onu sübut etdi ki, uzun illər ərzində dövlət tərəfindən Azərbaycan futboluna verilən dəstək öz əməli nəticələrini “Qarabağ” futbol klubunun timsalında göstərməkdədir . İdman nailiyyətləri, qələbələr asan deyil və qalib tərifə layiqdir. “Qarabağ”ın bu tarixi qələbəyə layiq olduğuna heç kim şübhə etmir. Meydanda azlıqda qalsalar da, "Qarabağ" hər kəsə sübut etdi ki, qələbə qazanmaq üçün məqsədyönlü olmaq, ruhdan düşməmək və sona qədər mübarizə aparmaq vacibdir. Çoxdan gözlənilən bu tarixi qələbə futbol klubunun bütün üzvlərinin gərgin əməyinin nəticəsidir. Sözsüz ki, kollektivin uğur qazanmasına baş məşqçi Qurban Qurbanovun inamlı oyun idarəçiliyi kömək etdi”.
Hüseynov 1/8 finalın “Bayer”lə dueli barədə də danışıb: “Bayer”ə gəldikdə, bizə məlumdur ki, bu komandada güclü, istedadlı futbolçular var. Onlar yaxşı kollektiv oyun nümayiş etdirirlər və hazırda Almaniya çempionatında vahid liderdirlər. Qonaq komanda haqqında sadaladığım göstəriciləri, eynilə “Qarabağ”a da şamil etmək olar. Qarşıda gözlənilən oyunun nəticəsindən asılı olmayaraq, ölkə ictimaiyyəti, azarkeşlər “Qarabağ”la fəxr edir və onların nailiyyətlərinin davamını səbirsizliklə gözləyir. İndi “Qarabağ” özünə inanmağa, çox çalışmağa və motivasiyalı olmağa davam etməlidir, çünki, onların ən böyük uğurları hələ qarşıdadır. Ümidvaram ki, bizim komanda bu gün yerli azarkeşlərin dəstəyi ilə “Bayer”in məğlubiyyətsiz oyunlar seriyasına son qoyacaq və bir daha sübut edəcək ki, yalnız döyüşənlər qalib gəlir”.
Qeyd edək ki, sabiq futbolçu hal-hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti , Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.