Adil Şükürov: “Büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə “futbolumuzun Məkkəsi” demirlər” - Müsahibə
15.11.2023 - 11:00
Adil Şükürov: “Büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə “futbolumuzun Məkkəsi” demirlər” - Müsahibə

“Kəpəz”in yeni baş məşqçisi Adil Şükürovun apasport.az saytına müsahibəsi:


- Komanda ilə tanış olduqdan sonra sizdə hansı təəssürat yarandı? Kənardan olan görüntü və real mənzərə arasında hansı fərqlər var?
- Problemlər var, bunu inkar edə bilmərəm. Ancaq həll olunmayan problem yoxdur. İş nə qədər var, problem onun ayrılmaz hissəsidir. Ancaq, bura gələndə də bilirdim ki, asan olmayacaq. Bəli, büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə "futbolumuzun Məkkəsi" demirlər. İşləməliyik və işləyəcəyik də. Azər müəllimə, onun komandasına gördükləri işə görə təşəkkürümü bildirirəm. 


-Əksər məşqçilər, xüsusilə də komandanın keçmiş çalışdırıcıları üzərinizə çətin və ağır məsuliyyət götürdüyünüzü düşünür. Bu fikirlərlə razısız?
- Birmənalı şəkildə, hə. Bunu hər kəs bilir ki, Gəncə fanatı iddialı və tələbkardır. Ancaq mən bu çağırışa tam hazıram. Təyinatdan dərhal sonra növbəti turun hazırlığına start verdim. Çətin olacaq, amma mümkünsüz deyil.

- Maraqlıdır, “Kəpəz” azarkeşləri yaxın gələcəkdə hansı dəyişikliyi görə biləcək? Komanda azarkeşlərin könlünü ala biləcək? 
- Hesab edirəm ki, fanatlarımız bir qədər səbirli olmalıdır. Dəyişiklik olacaq, ancaq mərhələli şəkildə, addım-addım. Yalnız əl-ələ verəcəyimiz təqdirdə uğurlu gələcəyin təməlini qoya bilərik.


- Keçmiş baş məşqçinin ilə bağlı nə deyə bilərsiniz? Baş məşqçilər niyə “Kəpəz"dən küsüb gedir?
- Razılaşmıram. Azər Məmmədov küsməyib. Sadəcə, uğursuzluq zolağı uzun çəkdiyi üçün istefa verdi. Elə sonradan verdiyi müsahibədə də bildirib ki, rəhbərlik komanda üçün hər şey edib. İstefa peşəmizin ayrılmaz hissəsidir.


- Hazırkı vəziyyətdə komandanı tanıyıb həmin xətt üzrə getməyi düşünürsünüz, yoxsa tamam başqa “Kəpəz” yaradacaqsız?
- Məncə, heç biri olmayacaq. Biz görülən işin əlavələrini edəcəyik ki, daha keyfiyyətli məhsul alaq.


- Geridə qalan oyunlara nəzər salanda görünür ki, komandanın transferləri o qədər də uğurlu deyil. Gələcəkdə yerli kadrlara, yoxsa güclü legionerlərə önəm verməyi düşünürsüz?
- Hər iki cəbhəyə fikir verəcəyik. Legioneri yerliləri ayırmaq olmaz. Çünki komandayıq və 3 xal əldə etdikdə bu, hamımızın zəhmətinin bəhrəsi olacaq.


- Sizcə komandanı toparlamaq üçün nə qədər zaman kifayət edəcək?
- Bu sualın konkret cavabı yoxdur. Ola bilər ki, artıq növbəti turdan yüksəliş müşahidə olunsun, ola da bilər ki, bu, bir qədər zaman aparsın.


- Sizin də "bizə gəncəli məşqçi lazımdır" kimi sözlərlə üstünüzə gəlsələr..
- Üstümə gələnlərin hamısını dinləməyə hazıram. Mən Gəncə üçün yad sima deyiləm, futbolçu ikən buranın suyunu içmişəm, uğurları üçün tər tökmüşəm. İndi də beyin işlətməyimin zamanı çatıb. 


- Hazırda “Kəpəz”in prioriteti nədir?
- Döyüşkən kollektiv yaratmaq, Premyer Liqada möhkəmlənmək. Bu gün belədir. Sabah necə olacağını deyə bilmirəm.


- Gəncə stadionunun da pis vəziyyətdə olması “Kəpəz”in həll etməli olduğu problemlərindən biridir. Bu barədə nə düşünürsünüz?
- Çox istərdim ki, ev oyunlarımızı Gəncədə keçirək. Ancaq reallıqla barışmalıyıq. Bura bəhanələr üçün yox, real nəticə üçün gəlmişəm. 


-Bir vaxtlar oyunçu olaraq, indi baş məşqçi kimi Gəncədəsiniz. Həmin dövrlə müqayisədə müsbət və əksi yöndə nələr dəyişib? 
- Saçım qara idi, indi dən düşüb. Tanıdığım gəncəli fanatlar yaşa dolub. Bəziləri dünyalarını dəyişib. Ancaq Gəncə həmin Gəncədir, dəlisov, emosional.

writer photo
Əlirza Əlirzalı
0