Adrian Skarlatake: "Artıq bir neçə klub Mutu ilə danışıqlara keçib" -Müsahibə
25.12.2023 - 15:39
Adrian Skarlatake: "Artıq bir neçə klub Mutu ilə danışıqlara keçib" -Müsahibə

Azərbaycanda uzun illər oynamış yeganə rumıniyalı futbolçu olan Adrian Skarlatake apasport.az saytına müsahibə verib. Hazırda Rumıniyada “Argeş” klubunda kapitanlıq sarğısını daşıyan 37 yaşlı müdafiəçi Adrian Mutunun “Neftçi”dən göndərilməsinə münasibət bildirib.

- “Neftçi” Adrian Mutu ilə yollarını ayırdı. Bu xəbər sənin üçün sürpriz oldu?
- Bəli, dünən gördüm ki, “Neftçi” Mutu ilə yollarını ayırıb. Amma düzünü desəm, gözlənilməz olmadı. Çünki “Neftçi”nin nəticələri elə də yaxşı deyildi. Bu mənada, Mutu ilə yolların ayrılması böyük sürpriz deyildi.

- Səncə, “Neftçi” rəhbərliyi Mutu ilə yollarını ayırmaqda tələsdi?
- Düşünürəm ki, “Neftçi” rəhbərliyi nəyin klub üçün yaxşı olduğunu daha yaxşı bilir. Bu barədə bir fikir söyləməyim mənim üçün çətindir. Çünki klubun daxilində nə baş verdiyini bilmirəm. Sadəcə kənardan gördüklərimizə əsasən nəsə demək mümkündür.

- Mutu Azərbaycanda niyə uğurlu ola bilmədi? Səncə, qalsaydı, uğurlu olacaqdı? 
- Azərbaycana gəlib, dərhal da uğurlu nəticə qazanmaq elə də asan məsələ deyil axı. Futbolçuların da çempionata öyrəşməsi üçün zamana ehtiyacı var. Dərhal uğur qazanmaq heç də asan məsələ deyil. Bəlkə də, Mutu uzun müddət qalsaydı, uğur qazana bilərdi. Amma heç kim necə olacağını bilmir. 

- Onun “Neftçi”də uğurlu ola bilməməsi digər klubların ona inamını azaldacaq? 
- Xeyr, buna inanmıram. Düşünmürəm ki, “Neftçi”dəki uğursuzluq Mutunun gələcək karyerasına təsir etsin. Çünki artıq onun Rumıniyadan bir neçə variantı var. Lakin təbii ki, siz dediyiniz məsələ onun CV-si üçün yaxşı deyil. Hər halda, Mutu gənc məşqçidir və əminəm ki, o, gələcəkdə uğurlar qazanacaq.

- Rumıniyada Mutunun ayrılığına reaksiya necə oldu? 
- Düzü, Rumıniyada Mutunun “Neftçi”dən ayrılığı kiçik sürpriz oldu. Heç kim bunu gözləmirdi. Lakin nəticələr elə idi ki, bu ayrılığın istənilən an baş verə biləcəyini gözləmək olardı. Bilirəm ki, artıq bir neçə klub Mutu ilə danışıqlara keçib.

- Azərbaycan çalışmış rumıniyalı məşqçilər Mirça Rednik, Dorinel Muntyanu, Laurentsiu Regekampf və Adrian Mutudur. Mutunun da uğursuzluğundan sonra demək olar ki, Azərbaycanda işləmiş və ən uğurlu baş məşqçi elə Rednikdir?
- Bəli, əlbəttə ki, ən uğurlusu Mirça Rednik idi. Çünki o, kuboku qazandı və onun rəhbərliyi altında “Xəzər Lənkəran” çox yaxşı oynayırdı. Bəlkə də Rednik digər rumıniyalı məşqçilərə nisbətən Azərbaycana daha tez uyğunlaşdı. Buna görə də yaxşı nəticələr əldə etdi.
 

writer photo
Əlirza Əlirzalı
0