AFFA-dan klublara cərimələr
03.05.2023 - 16:55
AFFA-dan klublara cərimələr

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqası və Azərbaycan kubokunda baş verənlər müzakirə olunub.

Kubokun yarımfinal mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Bakı klubu 1600 manat cərimə edilib. Meydançaya kənar şəxslər daxil olduğu üçün paytaxt təmsilçisi 1600 manat ödəyəcək. Matç bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” daha 800 manat ziyana düşüb. “Turan Tovuz” futbolçularının ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə meydan sahibləri 4000 manat cərimələnib. 90+8-ci dəqiqəsində qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər edən və bu üzdən birbaşa qırmızı vərəqə alan “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev kubokda 5 görüş cəzalanıb, klubunu 4000 manat xərcə salıb.

“Səbail” – “Qəbələ” qarşılaşmasında meydan sahiblərinin qırmızı vərəqə alan futbolçuları Adil Nağıyev, Qustavo de Fransa və Vüqar Həsənov hərəyə 1 oyun cəzalanıb, klub ümumilikdə 600 manat cərimə edilib. Üç futbolçusu qırmızı vərəqə aldığı üçün Bakı klubu 4800 manat da ödəyəcək. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” daha 1600 manat cərimələnib. Görüşdən sonra meydançaya kənar əşyalar atılması ev sahiblərinə 1600 manata başa gəlib. Rəsmi şəxslərin ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə paytaxt təmsilçisi 4000 manat ödəyəcək. “Qəbələ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə qonaqlar 800 manat ziyana düşüb. 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qəbələ” daha 800 manat cərimələnib.

Çempionatın “Sumqayıt”la oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyi üçün Gəncə klubu 4000 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə “Kəpəz” 1600 manat ödəyəcək.

“Zirə” – “Turan Tovuz” 5 futbolçusu sarı vərəqə alan qonaqlar 800 manat cərimələnib. “Qarabağ”la qarşılaşmada təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilib. Meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına üçün Bakı klubu 1600 manat ziyana düşüb. Azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” daha 4000 manat cərimə ödəyəcək. Matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “ağ-qaralar” 1600 manat cəriməyə məruz qalıb. “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə qonaqlar 1600 manat xərcə düşüb. Azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Qarabağ” da 4000 manat cərimələnib.

writer photo
Əlirza Əlirzalı
0