AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
17.04.2024 - 17:08
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.

Apasport.az xəbər verir ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, XX turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib.

Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.

Qeyd edək ki, “Mingəçevir” – “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0