AFFA “Qarabağ”ın qapıçısını cəzalandırdı – “Neftçi”ni cərimələdi
03.03.2023 - 15:10
AFFA “Qarabağ”ın qapıçısını cəzalandırdı – “Neftçi”ni cərimələdi

AFFA İntizam Komitəsi “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili ilə bağlı qərarını açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən iclasda gürcüstanlı qolkiper Premyer Liqanın XXIV turunda “Neftçi” ilə qarşılaşmada azarkeşlərə tərəf kənar əşya atdığı üçün 3 oyunluq cəzalandırılıb. 

Quqeşaşvilinin cəzası şərti olaraq tətbiq ediləcək. Şərti cəzaya görə sınaq müddəti 3 ay müəyyən olunub. Ona görə klubu da 2400 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda ev sahiblərinin azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə Ağdam klubu 4000 manat əlavə ödəyəcək. 

“Neftçi”nin azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün bakılılar da 800 manat cərimə edilib. Fanatlar meydançaya kənar əşyaların atılmasına görə isə “ağ-qaralar” daha 1600 manat ödəməli olacaqlar. 

“Neftçi” azarkeşlərinin kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə də cəzalandırılıb. Klub 4000 manatından keçəcək. “Neftçi” azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan da bakılılar tərəfindən ödəniləcək. 

Premyer Liqasının XXIV turunun “Turan Tovuz” – “Zirə” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda da qonaqların 4 oyunçusu sarı vərəqə aldığı üçün eyni məbləğdə xərcə düşəcəklər. 

“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah” klubunun rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə isə paytaxt təmsilçisi 3200 manat cərimə edilib. 

writer photo
Əlirza Əlirzalı
0