Aftandil Hacıyev: "Yerli mütəxəssislərə qarşı antipatiya var"  
24.11.2023 - 20:53
Aftandil Hacıyev: "Yerli mütəxəssislərə qarşı antipatiya var"  

“Mən həmişə demişəm ki, yerli mütəxəssisin tərəfdarıyam”.

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq müdafiəçisi Aftandil Hacıyev deyib.

“Qarabağ”ın futbol akademiyasında koordinator kimi çalışan sabiq müdafiəçi millimizin boş qalan baş məşqçi postunda yerli mütəxəssis görmək istəyir: “Dünya praktikası da onu göstərir ki, yerli mütəxəssislər daha çox uğur əldə ediblər. Düşünürəm ki, yerli məşqçilərin təcrübəsi, potensialı imkan verir ki, bizim milli üçün də onlar haqqında müzakirələr aparılsın. Ancaq nədənsə uzun illərdir yerli mütəxəssislərə qarşı antipatiya var. Bilmirəm ki, bu, haradan qaynaqlanır. Təbii ki, hansı əcnəbidən söhbət gedir o da çox önəmlidir. Bütün hallarda mən yerli məşqçinin olmasını çox istəyərdim".

Hacıyev qeyd edib ki, millidə məşqçi kimi çalışa biləcək kifayət qədər təcrübəli mütəxəssis var və ağıla ilk gələn Qurban Qurbanovdur: "Hər kəsdən soruşsanız, ağıla gələn Qurban Qurbanovdur. Ancaq artıq kifayət qədər təcrübə toplamış digər məşqçilərimiz var. Milli komanda onların hər birinə etibar oluna bilər".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsi baş məşqçi Canni de Byazi ilə müqavilənin uzadılmamasına qərar verib. Yeni çalışdırıcının seçilməsi üçün işçi qrup yaradılması məqsədəuyğun sayılıb.

writer photo
Əlirza Əlirzalı
0