Sergey Kleşenko: "Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik"
15.11.2022 - 22:39
Sergey Kleşenko: "Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik"

“Yenidən Vaduy-Lui-Vodedə toplanışda bir araya gəldiyimizə şadıq”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko deyib.

O, Azərbaycanla oyun öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb: “Burada özümüzü evimizdəki kimi hiss edirik. İki yoxlama oyununa hazırlaşırıq. Onlardan birincisi sabah Azərbaycana qarşıdır. Həm nəzəri, həm praktiki baxımdan böyük iş görülüb. Azərbaycanla oyuna tam hazırıq. Azarkeşlərimizə məmnunluq gətirmək və qələbə qazanmaq istəyirik. Bunu bacarıb-bacarmayacağımızı oyun göstərəcək”.

Kleşenko millimizin baş məşqçisi Canni de Byazinin qələbə barədə açıqlamasına da münasibət bildirib: “Bu, normal şərhdir. Hamı qələbə üçün oynamağa və qalib gəlmək üçün meydana çıxır. Onların bizdən güclü, yoxsa zəıf olduğunu sabahkı oyun göstərəcək. Yığmalar arasında böyük fərq yoxdur ki, kimin güclü olacağını öncədən demək mümkün olsuz. Bu yoxlama oyunları seleksiya xarakterlidir. Ehtiyat qüvvəni və gələn ilə necə hazır olduğumuzu göstərmək üçündür”.

Mütəxəssis Azərbaycanla oynamağın səbəbini də açıqlayıb: “Yoldaşlıq oyunundakı rəqiblə bağlı böyük seçim imkanımız yox idi. Rumıniya çoxdan bizimlə oynamaq istəyirdi və oyun planlaşdırılmışdı. İkinci komanda axtarırdıq. FİFA reqlamenti bizi iki matç keçirməyə məcbur edirdi. Azərbaycanla oyun barədə razılıq alındı. Burada Avropa çempionatının seçmə mərhələsinə yönəlmiş bir şey tamamilə yoxdur”.

Kleşenko heyətdəki itkiyə də toxunub: “İon Nikolaesku böyük ehtimalla bu matçda oynaya bilməyəcək. O, son oyununu dünən gecə keçirib. Həkimlər onu yenidən meydana buraxmağa icazə verməyəcək. Çünki bərpa üçün vaxtı az olduğundan zədə almaq ehtimalı artacaq. Biz onun sağlamlığı ilə risk edə bilmərik”.

Qeyd edək ki, sabah Kişinyovda baş tutacaq Moldova – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0