"Uğursuz oyunlar seriyasını dayandırmışdıq və indi də ardını gətirdik”.
Apasport.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç deyib.
Azərbaycan Basketbol Liqasında səfərdə "Cəlilabad"a 103:91 qalib gələn mütəxəssis bildirib ki, əzmkarlıq sayəsində qələbə qazanıblar: “Oyuna yaxşı başlamasaq da, dönüş etdik. Əzmkar oynadıq. Matç "Cəlilabad"ın pley-off şansları üçün önəmli idi. Çempionatın sonuna kimi vəziyyətimizi düzəltmək üçün mübarizə aparacağıq. Oyunçularımla qürur duyuram. Final fitinə kimi dayanmadan vuruşdular. Layiq olduğumuz qələbəni qazandıq. Bura bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edirəm. Bəlkə bir az gec oldu, amma komandaya sona qədər mübarizə aparmağı aşılaya bilmişik. Çempionatda döyüşmək lazımdır. Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmaqdır. Bunu etməsən, uduzacaqsan. Belə təcrübə başımıza çox gəlib. Qarşıdakı iki matçda da qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, bu qələbədən sonra “Gəncə” turnir cədvəlində 20 xalla 9-cu pillədə qərarlaşıb. “Cəlilabad” isə 21 xalla 8-cidir.