Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatdı - YENİLƏNİB
29.02.2024 - 15:03
Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatdı  - YENİLƏNİB

Xankəndi-Bakı ultra marafonu davam edir.

Apasport.az xəbər verir ki, marafonçular Bərdəyə daxil olublar.

Marafonun ilk mərhələsi başa çatıb. Marafonun 035 nömrəli iştirakçısı Elmir Əskərov ilk mərhələdə finişə birinci çatıb.

050 nömrəli marafon iştirakçısı, Ağstafa rayon sakini Ağa Əliyev isə finişə ikinci çatıb.

***

İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonu başlayıb. 

Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarışdan öncə açılış mərasimi keçirilib. Açılışda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, sektor müdiri Sevda Mirzəyeva iştirak ediblər.

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bildirib ki, Xankəndidə belə bir marafon təşkil etmək böyük şərəfdir.

Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov Xankəndidə tarixi ana şahidlik etdiklərini vurğulayıb. Azərbaycanda ilk dəfə beynəlxalq ultra marafon təşkil olunduğunu xatırladan nazirlik rəsmisi bu münasibətlə hər kəsi təbrik edib: "Bizə bu günlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin".

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra marafona start verilib. Yarışın iştirakçıları 380 kilometr məsafə qət edərək finişə 4 martda Bakıda çatacaqlar.

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

writer photo
Əlirza Əlirzalı
0