"Xarici məşqçilərə yerlilərlə müqayisədə daha çox şans veririk. Kimin olması barədə bir söz demirəm, amma yerli məşqçilərin hamısı baş məşqçi postunda işləyə bilər"
Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Azərbaycan millisinin sabiq çalışdırıcısı AFFA-nın baş məşqçi seçimində yerli mütəxəssisə üstünlük verməsini daha məqsədəuyğun hesab edir: "Mən 1994-cü ildən deyirəm ki, Azərbaycanda yığma komandanın baş məşqçisi yerli olmalıdır. Yerli məşqçi seçərkən də analiz edib, yaxşı fikirləşmək lazımdır. Mən Məşqçilər Komitəsindəyəm, amma bu məsələni AFFA-nın İcraiyyə Komitəsinin üzvləri həll edir".
76 yaşlı mütəxəssis baş məşqçi dəyişikliyinin komandaya təsirindən danışmaq istəməyib: "Bu geniş mövzudur, lazım olanda deyəcəm. De Byazinin baş məşqçiliyi dövründə inkişafın olub-olmadığını bilmək üçün hərtərəfli analiz lazımdır. Nəyin olmadığını, çatmadığını və nəyin üzərində işləmək lazım olduğunu da analiz göstərəcək”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında millinin baş məşqçisi Canni De Biyazi ilə başa çatan müqavilənin uzadılmamasına qərar verilib.