AKAF-ın baş katibi: "Bu gün də medallar gözləyirik"
26.10.2023 - 12:05
AKAF-ın baş katibi: "Bu gün də medallar gözləyirik"

“İkinci dəfə “Mingəçevir Reqatasını” təşkil edirik. Bu, ənənəvi turnirdir, 50 ilə yaxındır ki, keçirilir. Biz də bu ənənəni davam etdiririk”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

O, “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı bildirib ki, yarış Azərbaycan idmançıları üçün uğurlu start götürüb: “Dünənki yarışlarda Azərbaycan 4 medal qazandı. Bu gün də medallar gözləyirik. Ümid edirəm ki, günün axırına mükafatlarımızın sayı artacaq”.

Əliyev bu yarışın keçirilməsində əsas məqsədin yeniyetmələrin inkişafına yönəldiyini vurğulayıb: “Ötən il yarışda iştirak edən idmançılar nəticə verməsələr də, bu il əksini görürük. Onlar uğurlu çıxış edirlər. Ötən ildən idmançılarımız müxtəlif yarışlara qatılıb, təcrübə toplayırlar. Artıq onların nəticə verdiyini görürük”.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0