Aleksandr Çertoqanov: “Nəticələrə millinin baş məşqçisi cavabdehdir”
18.10.2023 - 12:54
Aleksandr Çertoqanov: “Nəticələrə millinin baş məşqçisi cavabdehdir”

“Avstriya ilə matçda Azərbaycan millisinə təcrübəsizlik mane oldu, amma perspektiv vəd edirlər”

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov deyib.

43 yaşlı futbol veteranı millimizin son oyunlardakı performansını dəyərləndirib: “Azərbaycan millisinin Estoniya üzərindəki qələbəsinə çox sevindim. Vaxtilə Azərbaycan yığmasında oynamışam və indi də millinin oyunlarını izləyirəm. Tallindəki layiqli qələbə məni çox sevindirdi. Həqiqətən milli səfərdə çox yaxşı futbol oynadı. Bu qələbədən sonra təbii ki, Azərbaycanın Avstriya ilə görüşdə də uğurlu nəticə qazanacağını təxmin etmək olardı. Əslində, belə də alındı. Avstriyaya qarşı yaxşı oynadılar. Sadəcə hardasa bəxt də gətirmədi. Çünki Avstriya o qədər də yüksək səviyyəli futbol nümayiş etdirmədi. Hər halda, təcrübəsizlik Azərbaycan millisinə mane oldu. Amma Azərbaycan millisi perspektiv vəd edir. Ümid edirəm ki, növbəti matçlarda komanda istədiyi nəticələri qazanacaq. Çünki millidə çox yaxşı futbolçular toplaşıb, bu oyunçularla uğurlu nəticə qazanmaq mümkündür”.

Çertoqanov, millinin baş məşqçisi Canni De Byazinin işindən də danışıb:
“Canni De Byazi? Azərbaycan millisinin baş məşqçisi haqda nəsə deyə bilmərəm. Hər halda, nəticələrə millinin baş məşqçisi cavabdehdir. Azarkeşlərin də uğurlu nəticə tələb etməsi normaldır. Hamı istəyir ki, uğurlu nəticələr olsun. Yəqin ki, zamanla bu da olacaq”.

Qeyd edək ki, Çertoqanov yığmamızda 52 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0