Əvəzedicilər liqasının IV turu məşqçilərin intizamsız hərəkətləri ilə yadda qalıb.
Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi də bu çalışdırıcıların davranışlarına hüquqi qiymət verib.
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” matçında meydan sahiblərinin baş məşqçisi Zaur İsmayılov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyun cəzalanıb, Naxçıvan təmsilçisini 150 manat cəriməyə məruz qoyub.
Görüşün 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan-2”nin köməkçi məşqçisi Alim Qurbanov meydançaya girərək hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. O, bundan sonra hakimi təhqir etdiyinə görə 7 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 600 manat cərimələnib.
“Qarabağ-2” – “Kəpəz-2” oyununda meydan sahiblərinin baş məşqçisi Cavad Mirzəbəyli texniki zona qaydalarını pozaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyun cəzalanıb, “Qarabağ-2” 150 manat cərimə edilib.