Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.
“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.
Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.
Bu, Yunanovun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.
Qeyd edək ki, Amilin Premyer Liqada ilk qolu 2011/12 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici topa imza atıb – 1:0.