"Hesab bizi aldatmasın. 6:0 olsa da, asan qələbə deyildi”.
Apasport.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” ilə oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Belə oyunlar çox çətindir. Motivasiya tam başqa olur. Futbolçuları aşağı liqa komandalarına qarşı oyuna kökləmək çox çətindir. Psixoloji cəhətdən özlərini yuxarıda hiss edirlər. Oyunçulara başa saldıq ki, "Şamaxı" yaxşı komandadır, yüksək səviyyəli oyunçuları var. Şadam ki, futbolçularım bunu anladı və oyuna ciddi yanaşdılar. Bizim də problemlərimiz böyükdür. Əsas heyətin 7-8 futbolçusu yoxdur. Bu, kiçik komanda üçün böyük itkilərdir. Bu il bir oyunumuz qalıb. Sıx qrafikdəyik. Çalışdım ki, heç bir futbolçu oyun ritmindən düşməsin. Bərpa olunmaq üçün vaxtımız da yoxdur. Son turda da uğurlu çıxış etməyə çalışacağıq. "Sumqayıt" 18-də oynamışdı, biz bu gün oynadıq. Üç gündən sonra matç var. Çempionatın axırıdır, hər bir futbolçuda çemodan əhval-ruhiyyəsi var".
- Sanki "Şamaxı" ilk 10 dəqiqədə gözünüzü qorxutdu...
- Tamamilə razıyam. Bu gün bizim heyətdə üç gənc futbolçu var idi. Onlar həyəcanlı idilər, başa düşürəm. Sıxmaq da istəmirəm. Oyunları getmədikcə, "Şamaxı" oyunu ələ almağa çalışırdı. Amma komandamızda təcrübəlilər var. "Şamaxı" yaxşı komandadır. Hesab bizi aldatmasın, asan oyun olmadı.
- Futbolçularınızı birinci liqadan istəyənlər var. Onları icarəyə göndərməkdə maraqlısız?
- Birinci liqa ilə əvəzedici yarışında fərq var. Orada kişi futboludur, böyüklərin oyunudur. Bizim futbolçular kiməsə lazım olarsa, pulsuz icarəyə verməyə hazırıq. Hətta pulunu özümüz ödəyərək belə, verə bilərik ki, oyunçular inkişaf etsin. Komandayıq. Amma kluba çevrilmək istəyiriksə, öz yetirmələrimizə diqqət etməli və onların inkişafı üçün hər şeyi etməliyik.