Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.
Apasport.az saytının məlumatına görə, “Sumqayıt”dan ayrıldıqdan sonra klubsuz qalan 31 yaşlı yarımmüdafiəçi hələ də təkliflər gözləyir.
Qış “transfer pəncərəsi” zamanı konkret variantı olmayan Arazın yayda hansı komandaya keçəcəyi də bəlli deyil. Düzdür, yarımmüdafiəçinin adı bir neçə klubun transfer siyahısına düşüb.
Misli Premyer Liqasının autsayderi “Səbail” buradakı yerini qorusa, Abdulayevə təklif göndərəcək. Bayıl klubu ilə yanaşı, “Zirə”nin də ona şans verəcəyi ehtimalı var.
Arazın yeni mövsümdən adıçəkilən klublardan birinə keçib-keçməyəcəyi danışıqlardan asılı olacaq. Milli komandamızın sabiq üzvünün legioner həyatı yaşamaq üçün xaricə yollanması da istisna deyil. Abdullayev yenidən legioner həyatı yaşamağın tərəfdarıdır.
Qeyd edək ki, Araz karyerası ərzində “Neftçi”, “Everton”, “Panionios”, “Qarabağ”, “Qəbələ”, “Anortosis”, “Boluspor”, “Etnikos” klublarında da çıxış edib.