“Ötən həftə ayağımda problem var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə, komandama kömək edə bilmədim”.
Apasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzaui deyib.
Zədə üzündən Misli Premyer Liqasının X turunu buraxan legioner “Qarabağ”la oyunun hazırlığına qoşulub. O, indiki durumundan danışıb: “Bir neçə günlük istirahət və müalicədən sonar artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. “Qarabağ”la oyuna demək olar, 100 faiz hazıram”.
Təcrübəli yarımmüdafiəçi “Qarabağ”la keçiriləcək oyunla bağlı da fikir bildirib: “Qarabağ” haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq”.