Argentina millisinin sabiq futbolçusu Rodriqo Palasio qeyri-adi addım atıb.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalı futbolu basketbola dəyişib.
Rodriqo İtaliyanın 4-cü divizionunda oynayan “Polisportiva Qarnyano” klubuna keçib. Ötən mövsüm B seriyasında “Breşiya”nın formasını geyinən 40 yaşlı veteran 32 oyunda 6 qola imza atıb.
Rodriqo mövsümöncəsi turnirin yarımfinalında meydana çıxaraq basketbolda debütünü rəsmiləşdirib. O, bu matçda 4 xal toplayıb.
Palasio hələ futboldan getdiyini açıqlamayıb. “İnter” və “Cenoa”da oynamış futbolçu Argentina millisində 27 matç keçirib.
Qeyd edək ki, futbolçuların basketbola keçməsi nadir təsadüf olunan hadisə olsa da, ilk deyil. Belələri arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da var. Azərbaycan millisinin sabiq kapitanı futbolçu karyerasındakı qısamüddətli fasilə dövründə basketbol çempionatında çıxış edib.