“Neftçi”nin bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, bu, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşıb.
Argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb. 30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.
Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.