"Təbii ki, 7:0 hesabı ilə uduzmaq üzücü, acınacaqlı məğlubiyyətdir".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov saytımıza açıqlamasında deyib.
Təcrübəli mütəxəssis 21 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə millisinə məğlub olmasını şərh edib:
"Dünən U-21-in matçını televiziyadan izlədim. Səviyyə fərqi özünü göstərirdi. Həm texniki, həm də fiziki baxımdan onlar bizdən üstün idi. Nəzərə almaq lazımdır ki, onların bütün futbolçuları İngiltərə çempionatlarında, Premyer Liqada çıxış edirlər. Amma bizim futbolçular arasında tək-tük oyunçular var ki bizim Premyer Liqanın əsas futbolçularıdır. Ona görə, səviyyə fərqi meydançada büruzə verirdi. Deyiləsi bir söz yoxdur. İndi vəziyyətimiz bu durumdadır. Sabah əsas milliyə burdan futbolçular dəvət alacaq. Amma o səviyyə üçün uzun bir yol var. Bu baxımdan problemlərimiz göz önündədir. Ona görə deməyə söz tapa bilmirəm. Qınanılası bir şey də deyil. Məşqçiləri də qınamaq olmaz. Çünki əlimizdə olan budur. Əvvəllər Premyer Liqada limit var idi. Hansı ki, U-21 millisinin üzvlərindən ən azından hər komandada 1 nəfər meydanda olmalı idi və həmin futbolçular ancaq U-21-in üzvlərindən biri ilə əvəzlənə bilərdi. Belə halda seçim də olurdu. İndi bu variant da yoxdu. Ona görə bu gün milli az oynayan, aşağı liqalarda çıxış edən futbolçuların üzərində qurulub".
Sabiq baş məşqçi millinin uğursuzluğunu aşağı yaş qruplarına olan diqqətsizlikə əlaqələndirib: "Hər zaman təkrarlayırıq, bunu deyirik. Amma problem olduğu kimi qalır. Məncə, bütün diqqət aşağı yaş qruplarına, akademiyalara, infrastruktura yönəlməlidir. Bu gün bütün işlər ancaq əsas milli ilə hesaba alınır. Klublarda diqqət əsas milliyə yönəlir. Bütün pullar əsas komandaya xərclənir. Amma aşağı yaşlara diqqət çox azdır. İndi yeni rəhbərlik gəlib, bunları nəzərə almaq lazımdır. Hansısa bir strategiyanı tutmaq lazımdır ki, futbol səviyyəmizi yüksəldək".
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə millisinin qonağı olub. Matç ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Nərmin Vüqarqızı