Arif Əsədov: "Hər futbolçu üçün millinin qapısı açıqdır"
21.03.2024 - 17:02
Arif Əsədov: "Hər futbolçu üçün millinin qapısı açıqdır"

"Komandamız toplanışa 18-də start verib, 24 oyunçu toplanıb. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün düşərgədən ayrıldı. Tez bir zamanda onun əməliyyata ehtiyacı var. Yeni oyunçularımız var. Bu oyunlarda onlardan da maksimum istifadə etmək istəyirik. Hər iki oyunda qalib gəlmək məqsədimiz var. Bu oyunlarda bəzi taktiki dəyişikliklərdən də istifadə etdik. İki oyuna fərqli sistemlə çıxa bilərik".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının “FIFA series – Edition 2024” çərçivəsində Monqolustan yığması ilə keçiriləcək oyundan öncə keçirilən mətbuat konfranasında millinin müvəqqəti baş məşqçisi Arif Əsədov deyib. Təcrübəli məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- "Sumqayıt"dan oyunçu dəvət etməmisiz. Niyə?
- Bütün komandaları izləyirik. Hər bir futbolçu üçün millinin qapısı açıqdır. "Sumqayıt"dan bir neçə namizəd var ki, diqqətimizdədir. Bu toplanış üçün düşünmədik. Amma toplanışın gedişində ehtiyac olarsa, çağıracağıq.

- Hücumda Ramil, Musa və Renat yer alıb. Olmazdı ki, Orxan Əliyevi Monqolustanla oyunda sınayasız?
- Bu forvardlar öz klublarında oyun praktikasından əziyyət çəkirlər. Belə anlarda onları dəvət etməliyik. Onlarla söhbət etmişəm. Ruh düşkünlüyü var. Onları klublarına yaxşı əhval-ruhiyyədə göndərmək istəyirik. Orxan da nəzərimizdədir. Əsas odur ki, özündə diqqət cəlb edib. Gələcək matçlarda onu da çağıra bilərik.

- Canni De Byazi uzun müddət Emil Mustafayevi dəvət etmədi. Onun haqda nə düşünürsüz?
- Canni De Byazi olanda da, Emil haqda danışmışıq. Sadəcə o dönəmdə lazım bilməyib. Bəlkə rəsmi oyunlar var idi deyə dəvət göndərməyib. İndi belə fürsət düşdü, onu cəlb etmək istədik. 2 gündür ki, məşqlərdə iştirak edir. Pis görünmür. Oyunla məşq arasında böyük fərq var. Keyfiyyət baxımından, hiss olunur ki, Ukrayna futbolunun fundamenti var. Onun fiziki durumuna görə bu oyunlarda maksimum dəqiqələrdə ondan istifadə edəcəyik.

- Rza Cəfərovu qapıda görəcəyik? 
- Bura kim gəlibsə, oynamaq şansı var. O vaxtı Emil Balayev gənc olsa da, onun xidmətindən istifadə etdik. Sonradan Almaniyaya yollandı. Hər şey ola bilər. Sabahkı matçda da bu addımı ata bilərik. Şahruddinin mikro zədəsi var. Bolqarıstanla da oyunumuz olduğu üçün bugünkü məşqdən sonra kimin qapıda dayanacağəna baxacağıq.

- Hücum, yoxsa müdafiə futboluna üstünlkü verərəcksiz?
- İki fərqli rəqib var. Hərəsinin öz oyun tərzi var. İlk oyunda hücum futboluna üstünlük verəcəyik. Çalışacağıq ki, digər matçda hər iki fazada balanslı şəkildə oynayaq. Evdəyik deyə, bir nömrə kimi oynayacağıq.

- Nəticədən asılı olmayaraq, məsuliyyəti kim üzərinə götürəcək?
- Mən öz işimi görürəm. Durğunluq dönəmində baş məşqçi mənəm. Əlimdən gələn nə varsa, komandaya kömək edəcəm. Məsuliyyət baş məşqçinindir. Hansı qurumdan asılı olmayaraq, komandanı oyuna kökləyən, hazırlayan baş məşqçidirsə, məsuliyyət də onundur.

- Nəticə yaxşı olarsa, postda qala bilərsiz?
- O haqda heç nə deyə bilmərəm. Qərarı mən vermirəm. Məsuliyyəti dərk edirəm. Çalışıram ki, bu günlərdə futbolçularla iş aparım, onlar da millinin nə qədər dəyərli olduğunu dərk etsinlər.

- Monqolustan haqda fikriniz necədir?
- Rəqiblərlə bağlı ay yarımdır ki, analizlər aparırıq. Monqolustan futbolu Avropadan seçilir. Amma rəqibimiz istəklidir. Müdafiədə kompakt şəkildə oynayırlar.

- Əsas nəyə diqqət yetirəcəksiz?
- Hər məşqçi üçün öz ölkəsinin əsas komandasını çalışdırmaq fəxrdir. Hər zaman demişdim ki, nə vaxtsa köməyə ehtiyac olarsa, buna təmənnasız hazıram. İndi "Neftçi"dəki dövrlərə qayıtdım sanki. Əvvəl orada köməkçi məşqçi idim, sonra baş məşqçi oldum. 6 ildən sonra komanda çempion oldu. İndiki vəziyyət də ona oxşayır. 

- Qara Qarayev indiki performansı ilə milliyə qayıda bilər?
- Qara ilə məsələ bağlı qapanmayıb. Millinin qapısı onun üçün də açıqdır. Bu toplanışa daha çox hər mövqe üçün iki oyunçu çağırmışıq. Adətən, 26-27 nəfər çağırırdıq. Hər mövqedə iki oyunçu var deyə, Qara dəvət edilmədi. Amma millinin oyunları var. Qara mənim siyahımdadır.

writer photo
Əlirza Əlirzalı
0