Rəşad Sadıqov: “Üç-beş il “Zirə”də olmalıyamsa, burada qalacam” - MÜSAHİBƏ
06.05.2023 - 19:01
Rəşad Sadıqov: “Üç-beş il “Zirə”də olmalıyamsa, burada qalacam” - MÜSAHİBƏ

“Nəticə və oyun bizi sevindirir”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

41 yaşlı mütəxəssis Misli Premyer Liqasının “Şamaxı” ilə oyunundan sonra mətbuat konfransına qatılıb. Sadıqov 3:0 hesablı səfər qələbəsinə şərh verib: “Futbolçuların bugünkü çıxışından çox razı qaldıq. Oyunun ilk dəqiqələrində həyəcan və son turdakı nəticə ilə bağlı psixoloji sıxıntı var idi. Amma sonradan oyun tam nəzarətimizə keçdi. Baxımlı və çox önəmli qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”.

- Sanki komandada təzyiq bir az azalıb və daha rahat oynayırsız...
- Bu gün uşaq səhvlərinə yol vermədik. Təbii olaraq da, nəticə bizim üçün yaxşı oldu. Burada nəfəs almaq çətindir. Belə olan halda da, komandamın verəcəyi reaksiya mənim üçün vacib idi. İstəkli, məsuliyyətli və intizamlı idilər. Bunun sayəsində çətin Şamaxı səfərində qələbə qazandıq.

- Rəhim Sadıqov haqda fikriniz necədir?
- İlk hissəni yaxşı keçirdi. Fasilədə onunla söhbət etdim. Yorğunluq var idi. "Turan Tovuz"la 90 dəqiqə oynamışdı. Həmin matçı da beşinci gün oynamışdıq.

- "Qəbələ" "Qarabağ"la oyuna çıxacaq. Bu haqda və ümumiyyətlə, avrokuboklar uğrunda mübarizə barədə nə düşünürsüz?
- "Qəbələ" favoritdir. "Turan Tovuz"la oyuna qədər də belə idi. Amma həmin oyundakı məğlubiyyət vəziyyəti daha da çətinləşdirdi. Bu gün turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil deyə, mübarizəni dayandırası deyilik. Hər çıxdığımız oyunda formanın haqqını verməli, məsuliyyətli olmalıyıq. Problemlərimizin nədə olduğunu bilirik. Onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edəcəyik.

- "Turan Tovuz"la oyundan sonra nələri dəyişdiz?
- Aşağı-yuxarı eyni oyun idi. Həmin matçın ilk yarısını da yaxşı keçirmişdik. Təhlilə də baxmışdım. İkinci hissəyə də pis başlamırıq. Sadəcə olaraq o oyunda standart vəziyyətlər belimizi qırdı. Bir oyunda 4 standart vəziyyətdən qol buraxdıq. Biri qeydə alınmadı. Xırda-xırda detallar nəticəyə təsir olur. O məqamlarda boşluqlar vermişdik. Futbolçular müdafiə olunan zaman bu gün daha diqqətli idilər. Ola bilərdi ki, rəqib fərqlənərdi, amma bunun üçün daha çox güc sərf etməliydi. Çünki xırda səhvlərə yol vermişdik. Fərq budur. Başqa böyük fərq görmürəm. "Turan Tovuz"la matçda dominant oynayırdıq, təmiz qol vurduq saymadılar, penaltidən istifadə edə bilmədik. Üstünlük bizdəydi. Qol buraxanda rəqibə motivasiya gəlir. Həmin oyunda işlər biz istəyən kimi getmədi.

- Çempionat sona yaxınlaşır. Göndəriləcək və ya müqaviləsi artırılacaq oyunçular bəllidir?
- Hazırda bütün fikrimizi çempionat oyunlarına vermişik. Paralel olaraq da, hansısa futbolçuları gözdən keçirə bilərik. Amma göndərilməklıə bağlı qəti qərar verilməyib. Gələn futbolçu haqda da 100 faizlik bir şey yoxdur.

- Dördüncü yeri tuta bilməyib, avrokuboklara vəsiqə qazana bilməsəz, istefa verib gedəcəksiz, yoxsa qalacaqsız?
- Həftəiçi rəhbərliklə görüş oldu. Açığı, müqavilənin müddətinin uzadılması ilə bağlı yanvarda da söhbət olmuşdu. Mən özüm istəmişdim ki, mövsümün sonu danışaq. Rəhbərliklə geniş müzakirələrimiz danışıqlarımız oldu. Görüş klubun fəxri prezidentinin açıqlamasından sonra oldu. Dünən görüşüb, ətraflı danışmışıq. Belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək. İstəyəcəyik daha keyfiyyətli, iddialı komanda yaradaq. Mən də istəyirəm ki, komanda Konfrans Liqasına getsin. Amma Konfrans Liqasına yolumuz kubokun 1/4 final  oyunlarında onsuzda çətinə düşmüşdü. İkinci dövrədə də itirdiyimiz boş-boş xallar da, dördüncü yeri də əldən verməyimizə gətirib çıxardı. Durum bəllidir. Favorit "Qəbələ"dir. Rəhbərliklə danışdıq. Onların baxışı var, müəyyən məsələləri təhlil etdik. Ki, gələn ilə daha güclü, daha qüvvətli "Zirə" olmasına çalışacağıq.

- Yəqin ki, müqaviləniz qısamüddətli olmayacaq?
- Müddətini danışmadıq. Mənim "Zirə" rəhbərliyi ilə olan münasibətim. Müqavilə formal bir şeydir. Şifahi qərar verdiksə, üç-beş il burda olmalıyamsa, burada qalacam deməkdir. Getməliyəmsə, beş illik müqaviləm olsa belə, gedəcəm. Mən özüm də o məqamları yaxşı təhlil edib, qərar verməyi bacaran insanam. Keçən il finalda uduzmuşduq. Bir vuruş nəticənin taleyini həll etdi. İkinci də ola bilərdik. Amma mövsümü üçündü bitirdik. Bilirdim ki, bu il daha da güclənməliyik. Rəqiblər bizə qarşı daha fərqli motivasiya ilə çıxacaq. Həmişə belə olub. Mütləq şəkildə növbəti mövsümə daha güclü "Zirə" yaratmağa çalışacağıq.

- "Zirə"nin infrastrukturu, ikinci meydançası da yoxdur. Rəhbərliklə söhbətiniz olub ki, böyümək üçün bazanız olmalıdır?
- Təbii ki, bu məsələ ilk gəldiyim gündən müzakirələr gedir. Rəhbərlik belə şərait yaratmaq istəyir. Amma Bakı komandası üçün bu çətin məsələdir. Həm yer olaraq. Bazanı harada tikəsən, nə qədər vəsait ayrılsın. Bakıda yenidən baza qurmaq çətindir. Amma mütləq şəkildə onu etməliyik. Son görüşümüzdə də rəhbərlik yenə də onu vurğuladı ki, istəyirik edək. Amma bugünkü şəraitimiz də pis deyil. Müəyyən aylarda meydançalar yükləməyə görə yaxşı vəziyyətdə olmurdu. Amma bu, səbəb deyil. "Qəbələ" ilə aşağı-yuxarı eyni şəraitdə oyunlara hazırlaşırdıq. "Qəbələ" də daha çox Bakıda qalır. Yenə də, həlledici məqamlar kobud səhvlərdən sonra buraxdığımız qollar oldu. Ən əsası, istifadə edə bilmədiyimiz qol epizodları və penaltilər bu ilki nəticəni müəyyənləşdirən amildir. Mövsüm zəif bağışladıq. Avrokuboklarda oynayan komandanın da dezavantajı olur. Çünki mövsümə tez başlayırsan. İstədiyin kimi, toplanış keçmirsən. Amma qışdan bu yana, "Zirə"də olduğum dönəmdə, bu cür performans göstərməmişik. Oyun məni daha çox məmnun edir. "Qəbələ" ilə aramızda keçirilən oyunlar baxımlı keçib. Bu oyunu davam etdirib, gücümüzə bir az da güc qata bilsək... Xırda səhvləri aradan qaldıra bilsək, bu komanda gələn il daha iddialı və daha yüksək yerlər uğrunda mübarizə apara bilər. Ümumən götürsək, səhv yolda olduğumuzu düşünmürəm. "Səbail"ə qarşı çox zəif oynamışdıq. O cür 7-8 oyunumuz olsa, mən qəti şəkildə deyəcəm ki, biz bu işi görə bilmirik. Amma baxırsan ki, 1-2 oyunu zəif keçirmişik. Bəhanə gətirmirəm, realdır, çox sadə qollar buraxdıq.

- Sizcə, üzərinizə çox gəlmirlər? Hər halda, nəticə vermək üçün şərait olmalıdır. Avtobus və büdcə ilə yəqin ki, iş düzəlmir...
- Çoxdandır ki, mediadan, oxumaqdan, izləməkdən uzaq düşmüşəm. O da məşqçilik həyatı ilə bağlıdır. Çünki daha çox güc sərf edirsən, çox enerjini, diqqətini aparır, futbolçuluq kimi deyil. Məndən yaxşı məni tənqid və ya təhlil edən, ikinci adam olmayacaq. Mən çox gözəl bilirəm ki, nəyi, harda, necə edə bilərdik, harada yaxşı ola bilərdik, harada səhvlər buraxmışıq. Üç ildə iddialı komanda yaratmışıq ki, daim rəqiblərlə başabaş mübarizə aparırıq. "Neftçi" finaldadır, kubokda dominant idik, mərhələni biz keçməliydik, amma alınmadı. Bizdə problem odur ki, futbolumuzu detallı təhlil etmirlər. Bizdə oyun bitdi, birinci tabloya baxırlar və ona uyğun şərh edilir. Bəzi oyunlarımız olub ki, udmuşuq, amma zəif oynamışıq, sual olub ki, "bu gün yaxşı oyun keçirmisiz". Bu, mənə qəribə gəlib. Halbuki, komandadan narazı olmuşam, bunu da onlara bildirmişəm. Təəssüf ki, futbol camiəmiz belədir. Savadlı, yaxşı təhlil edə bilən insanlar var. Ancaq çoxluğu götürsən belədir. Ona görə də, çox buna fikir verməməyə çalışıram. Bilirəm ki, mənim üçün düzgün təhlil etməyi bacaran insanlarla onsuzda təhlillərimiz, müzakirələrimi aparıram. Mənə faydalı olan məsləhətləri alıram. İş elədir ki, davam etməli, mübarizə aparmalısan. Danışmağa çox vaxt yoxdur.

- Hakimlər sizə mane olub?
- Müəyyən oyunlarda nəticəyə təsir edən səhvlər olub. Xeyrimizə də, ziyanımıza da olub. "Zirə" - "Turan Tovuz" matçında səhvlər hər iki tərəfə var idi. Amma hakimlik imkan vermirdi ki, oyun getsin. VAR-a görə matç 16 dəqiqə 20 saniyə dayanmışdı. "Zirə" haqda danışmıram, ümumiyyətlə danışıram. Bir epizod var ki, kosmosdan baxanda da görünür ki, ofsayd var, ona görə iki dəqiqə oyun dayanmamalıdır. Dərhal qərar verilib, matç davam etməlidir. Oyunun dayanması qalib komandaya sərf edir. VAR-da çox pauzalar var. Hakimləri də qınamıram, onlar üçün yeni praktikadır. Bəlkə səhv etmək istəmirlər. Amma buna çözum tapmaq lazımdır ki, oyunun tempi düşməsin. Xətt məsələsinə gəlincə, əyri çəkilmişdi. Nəticələrimiz hakimliklə bağlı deyil. Biz birinci ildə kubokun finalında oynayıb, avrokuboklarda oynamalıydıq. Hakim səhvləri mane oldu. bunu əminliklə deyirəm. Amma bu illəri deyim ki, sırf hakimliyə görə... Müəyyən oyunlarda olub. Amma sırf bizə qarşı olub, aşırı şəkildə olub desəm, ədalətsizlik olardı. Əldə edə bilmədiklərimizlə barışmalı, səhvi özümüzdə görməliyik. 

Qeyd edək ki, 33 oyunda 45 xal toplayan “Zirə” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0