Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə
18.10.2023 - 19:49
Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

Lüksemburqla qarşılaşma Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Sizcə, rəqib zəif idi, yoxsa millimiz yaxşı oynadı?
Rəqibimiz heç də zəif deyildi. Bu həm millimizin baş məşqçisi, həm də  komanda üçün vacib bir qələbə idi. Düşünürəm ki, bundan öncəki oyunda da millimiz ən azı 1 xala layiq idi, sadəcə bəxti gətirmədi.  Bizimkilər ilk hissədə olmasa da , 2-ci hissədə yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, komandamız bu qələbəyə  əzmkar oyunu ilə müvəffəq oldu.

U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmuşdu. Komandanın bu matçlarda xal qazanmasına nə mane olmuşdu?
Komandamız olduqca çətin qrupa düşüb. Çünki, heç biri sıradan komandalar deyil. Qələbə qazanmağımızda da ən böyük əngəl budur. Dünənki oyunda da ağır rəqiblə oynadıq. Biz Lüksemburqu kiçik bir dövlət kimi saya bilərik, amma futbol barəsində eynisini deyə bilmərik. Onların istər milli səviyyədə, istərsə də digər yaş qruplarında inkişafı göz qabağındadır. Serbiya ilə oyun səfərdə olduğu üçün bizim üçün asan keçməməsi anlaşılandır. Həmin oyunun ikinci hissəsində bizimkilər vəziyyəti ələ ala bildilər. Şimali İrlandiyaya gəldikdə, penaltini yerinə yetirə bilsəydik, hesab başqa cür ola bilərdi. Rəqib də qırmızı vərəqə almışdı və say üstünlüyü bizdə idi. Yəni qələbə şansımız vardı, olmadı. Çünki qarşı komanda tamamilə müdafiəyə çəkildi, bu da bizimkilərə çətinlik yaratdı. Adətən, kompakt müdafiəni yarmaq üçün oturuşmuş heyət olmalıdır ki, oyunçular yaxşı iş birliyi edə bilsin. Təəssüf ki, komandamız bu mövzuda təkmilləşməyib.

Samir Əliyevin baş məşqçi postuna gəlişi yığmaya necə təsir edib? 
Əvvəla, Samir Əliyev yerli məşqçidir. İllərdir bu vəzifədə Obradoviçi görürdük. Samirin gəlişi komandada müsbət təsirini göstərir. İlk olaraq, öz futbolçularımızı daha yaxşı tanıyır, bu da mental baxımdan daha əlverişlidir. Daim oyunlara gedir, özü də yaxşı futbolçu olub və oyunçular arasında "avtoriteti" var. Bu baxımdan, bu çox vacib rol oynayır. Samir mənimlə həm “milli”də , həm də “Neftçi”də olub deyə onun xasiyyətini bilirəm. Daim yüksək nəticə üçün çalışan və nəticə qazanmağı sevən biridir. Onun daxili əzmkarlığı və enerjisi futbolçularına da keçib. Bu oyunda da oyunçularda ruh yüksəkliyi hiss olunurdu.

Növbəti oyun qrup lideri Ukraynaya qarşı olacaq. Şansımızı necə dəyərləndirirsiniz?
Qrupun favoritlərindən biri ilə qarşılaşacağıq. Heç şübhəsiz, çətin olacaq. Ukrayna və İngiltərə arasında zirvə uğrunda mübarizə gedir. Bizimlə oyun bu baxımdan onlar üçün vacibdir. Xal və ya xallar qazanmaq heç də asan olmayacaq. Amma, yenə öz gücümüzü göstərmək istəyirik. Bunun üçün də çəkinmədən oynamaq lazımdır. Mümkünsüz heçnə yoxdur. Hər bir halda, oyunçularımıza inanıram və qələbəyə ümid edirəm. 

writer photo
Əlirza Əlirzalı
0