“Aris”in baş məşqçisi: “Bəhanə axtarsam, hörmətsizlik olar”
28.07.2022 - 23:13
“Aris”in baş məşqçisi: “Bəhanə axtarsam, hörmətsizlik olar”

“Azarkeş amili bu gün ev sahibinə kömək oldu. Müdafiədə uşaq səhvləri buraxdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Aris”in baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”yə “Bakcell Arena”da 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Kipr klubu Larnakadakı ilk görüşdə 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, avrokuboklarla vidalaşıb.

Belaruslu mütəxəssisin qarşılaşmanın ardından məğlubiyyət şərhi belə olub: “Düşünürəm ki, biz mərhələni ilk oyunda uduzduq. Çünki orada kifayət qədər qol şansları qaçırdıq. Elə bundan qorxurdum. Ola bilsin ki, təcrübəsizlik də bunda rol oynadı. Bu gün daha çətin idi. Çünki azarkeşləri “Neftçi”ni irəli səsləyirdi. Axmaq səhvlərə yol verdik. Hətta qırmızı vərəqədən sonra da qol üçün cəhdlərimiz oldu, oyunumuzu tapmağa çalışdıq. Amma alınmadı. Düşünürəm ki, “Neftçi” bizdən təcrübəli komandadır. Hər bir məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Ən pisi odur ki, avrokuboklarda iştirak üçün daha bir il gözləməli olacağıq. Bəlkə gələn mövsüm yenidən “Neftçi” ilə üz-üzə gəldik”.

- Komandanızda bu gün futbol mədəniyyəti çatmırdı. Oyunçularınız matçboyu kobudluqlara əl atdılar. Görüşdən sonra onları dava etməyə nə məcbur etdi?
- Belə futbola alışmamısınızsa, bu, sizin probleminizdir. Belə futbolu aqressiv adlandırırsınızsa, İngiltərə futbolu barədə nə deyə bilərsiniz? Çox aqressiv oynadığımızı düşünmürəm. Morqan qırmızı vərəqə aldığı epizodda səhv etdi. Amma bizim oyun üslubumuz bunu tələb edirdi. Çünki məğlub olurduq, hücuma atılmalı idik.

- Kiprdəki görüşün son dəqiqələrində həmyerliniz 3-cü qolu vura bilmədi. Həmin an fikirləşmədiniz ki, uğur çubuğu sizdən üz döndərə bilər?
- Təkcə o epizodu fərqləndirməzdim. Həm Larnakada, həm də Bakıda nə qədər şansımız oldu, yararlana bilmədik. Öz səhvlərimizə yenidən baxmalıyıq. Futbolda belə anlar olur. Bəhanə axtarmaq istəmirəm, uduzan tərəf bizik. Bəhanə axtarsam, hörmətsizlik olar.

- Bu gün rəqibə taktikada, yoxsa psixoloji amildə uduzdunuz?
- Bu sualın cavabını bilsəydim, deyərdim. Oyunçuların beyninə tam girə bilmərəm. Kimsə düşünə bilər ki, 2:0 qalib gəlmisən, rahat olum. Amma mən belə fikirləşmirdim.
 

writer photo
Əlirza Əlirzalı
0