“Həqiqətən də bizim üçün çox önəmli oyundur. Matçın mahiyyətini yaxşı başa düşürük”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turunun “Nant”la oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında qarşılaşma haqda danışıb: “Qarşımızda çox istəkli komanda var. Bugünkü açıqlamalarına da baxdım, qələbə qazanmaq üçün çox istəklidirlər. Biz də bura çox istəkli gəlmişik. Çox istərdik ki, yaxşı oyunla yaxşı nəticə əldə edək. Üstünlük rəqibin tərəfindədir. Doğma meydanda azarkeşləri önündə oynayır. Buna baxmayaraq, belə bir şəhərdə, belə bir stadionda, belə azarkeşlər önündə yaxşı oyun, yaxşı mübarizə göstərmək istəyirik. İnanıram ki, futbolçularım sabah özlərini yaxşı tərəfdən göstərəcəklər. Komandamız üçün çox vacibdir. Onlara inanıram, güvənirəm. Sabahkı oyuna tam hazırıq”.
Qurbanov müdafiəyə, yoxsa hücumameylli komandaya qarşı oynamağın asan olmasına da aydınlıq gətirib: “Deməzdim ki, hansına qarşı rahat, hansı çətin olur. Qarşıdakı rəqibin hücumda və müdafiədə necə keyfiyyətli oynamasıdır. Hər sistemin öz çətinlikləri var. Amma belə oyunlarda bu cür düşüncəm yoxdur ki, rəqib necə oynasa asan olar. Rəqibin həm oyun üslubu, həm futbolçuları keyfiyyətlidir. Xüsusilə də öz meydanında oynayanda. Rəqibin gücünü biz Bakıda hiss etmişdik. 3:0 hesabı ilə qalib gəlmək bir az yanlış fikir yarada bilər. Bizim Bakıda çox çətinliklərimiz olmuşdu. Sabahkı oyunla bağlı düşüncəmiz özümüzlə bağlı olmalıdır. Rəqib imkan versə bundan maksimum yararlanacağıq. “Nant” hücum edib təzyiq yaratsa da problem olmamamlıdır. Biz hücumda olanda da müdafiəni, müdafiədə olanda da hücumu düşünməliyik. Həm müdafiə olunmaq, həm də hücumda oynamaq asan deyil. İnanıram ki, futbolçularım bunu bacaracaqlar”.
Mütəxəssis qarşılaşmanın favoritini də açıqlayıb: “Əlbəttə ki, favoritin biz olduğumuzu düşünürəm. Amma yenə də qarşıdakı rəqibə böyük hörmətlə yanaşıram. Gücünə bələdəm, əvvəlki oyunlarına da baxmışam. Bakıda böyük hesabla uduzmaqlarına baxmayaraq, hesab 0:0 olanda qol epizodlarına baxsaq, üstünlük “Nant” tərəfdə idi. Sadəcə bəxtləri gətirmədi. Buraxılan qollar da öz səhvlərindən oldu. Rəqibin heyətində çox bacarıqlı futbolçular var ki, həm sürətli, həm texnikalıdırlar. Hər bir komandada müəyyən müddət uğursuz seriya olur. Son matçlarda “Nant”da çox böyük irəliləyiş, dəyişikliik var. Avropa Liqası oyunlarında ümumiyyətlə favorit olmur. Hesablar bizi aldatmalı deyil. Biz bu matça çox ciddi yanaşırıq”.
Qeyd edək ki, sabah Fransada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.