Aslan Kərimov: “Biz Avstriyadan çox geri qalırıq” - Müsahibə
16.10.2023 - 17:38
Aslan Kərimov: “Biz Avstriyadan çox geri qalırıq” - Müsahibə

Azərbaycan milli komandasının sabiq futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- Millimiz 3 gün əvvəl səfərdə Estoniyanı məğlub etdi. Sizcə, Baltikyanı ölkə təmsilçisini evdə niyə üstələyə bilməmişdik?
- Biz Bakıda Estoniyadan daha effektli oynamışdıq. Qol imkanlarına da baxanda görürük ki, evdə belə epizodlar daha çox idi. Amma, bəzən oyun zamanı qol şanslarını reallaşdırmağa texniki səbəblər mane olur. Bu bir az da bəxt amilidir. Bakıdan fərqli olaraq, Estoniyadakı oyun zamanı hücumlarda, topa nəzarətdə biz yaxşı deyildik. Daha çox rəqibin oynamağına imkan versək də, əsas odur ki, matçı qazandıq. Tallində yaratdığımız qol imkanlarından tam istifadə etdik və 2 qol vura bildik. Meydanda iki bərabər komanda idi. Düzdür, fərqli oyun üslublarına malik olsaq da, bərabər gücdəyik. Biz Estoniyanı tam üstələdik də deyə bilmərik. Bakıda da taktiki cəhətdən düzgün oynasaydıq, udardıq da demək olmaz. Çünki oyunda xüsusi bir taktika yox idi.

- Bugünkü rəqibimiz Avstriyaya səfərdə 4:1 hesabı ilə uduzsaq da, qol vurmağı bacardıq. Ev oyununda rəqibdən xal almaq ehtimalımızı necə dəyərləndirirsiz?
- Bizim Avstriya millisindən xal almağımız həddindən artıq çətindir. Millimizə uğurlar arzulayıram. Amma oyunçuları da, çempionatı da müqayisə etsək, biz onlardan çox geri qalırıq. Digər tərəfdən isə xal almağımıza kömək edəcək faktorlar ola bilər. Avstriya millisinin səfərdən gəlməsi bizim lehimizə işləyə bilər. Rəqibimizin Belçikanın ardından qrupdan çıxmağı 90 faiz təmin edib. Buna görə də Avstriya millisi Bakıdakı matça tam heyəti yox, bəlkə də az oynayanları meydançaya buraxar. Bu da bizim lehimizə işləyən amildir. Evdə oynamağımız və bu məqam bizim xal almağımıza kömək edə bilər. Ümumiyyətlə isə potensial cəhətdən bizim üçün bu oyunda xal götürmək çox çətin olacaq. Hər halda, millimiz bunun öhdəsindən gəlməyə çalışmalıdır. Nəticədə evdə oynayırıq, itirəcəyimiz heç nə yoxdur. Hesab edirəm ki, Estoniya millisi üzərində qazandığımız qələbə komandamızı daha da motivasiya edəcək.

- Türkiyə millisi AVRO-2024-ün final mərhələsinə birbaşa vəsiqə qazandı. Qardaş ölkənin bu nəticəsi həm də bizi pley-offa bir addım da yaxınlaşdırdı. AVRO-2024 şansımızı necə dəyərləndirirsiniz?
- AVRO-2024-ə play-offdan çıxmağımız çox müşkül məsələdir. Bu mərhələdə digər güclü komandalar da var. Düzdür, Yunanıstan, Qazaxıstan, Gürcüstan milliləri də öz aralarında oynayacaqlar. Bizim o “dördlük”dən çıxmağımız heç də real görünmür. İkinci tərəfdən də digər komandaların sayəsində pley-offa çıxmaqdansa, çıxmamaq daha yaxşıdır. Əgər millini yaxşı formalaşdırmasaq, rəqabətə dayanıqlı bir komanda olmadığı halda, hər hansı bir turnirə çıxmağımızın nə fərqi olacaq? Yenə də məğlub olacağıqsa və bu kiminsə sayəsində reallaşacaqsa, heç çıxmamaq ən yaxşısıdır. Düşünürəm ki, biz digər millilərin sayəsində deyil, özümüz nələrisə etməyə çalışmalı, bu haqda düşünməliyik.

- Baş məşqçi Canni de Byazinin yerinə namizəd gördüyünüz yerli məşqçilər var? Onun göstəricilərini hansısa yerli məşqçi edə bilməz?
- İstənilən yerli məşqçimiz de Byazini əvəz edə bilər. Təbii ki, onun Albaniya millisi ilə Avropa çempionatının final mərhələsində oynamaq təcrübəsi var. Baxmayaraq ki, bizim məşqçilərimiz elə bir mötəbər yarışda oynamayıblar, amma bu vəzifəni icra edə bilər. Hesab edirəm ki, öz məşqçilərimiz komandaya rəhbərlik cəhətdən de Byazidən daha zəif olmazlar. Hazırkı vəziyyətə baxanda bizim yerli məşqçilərimiz milli komandaya rəhbərlik etmək bacarığına sahibdir.

- Siz oynadığınız dövrdəki milli ilə, indiki komanda arasında nə kimi fərqlər var?
- Dövrləri müqayisə etsək, çox fərq var. Lap geriyə dönsək və Dieqo Maradona ilə Pelenin dövrünə baxsaq, o dövrdəki dünya ulduzları bugünkü futbolla ayaqlaşa bilməzdi. Ona görə müqayisə etmək çətindir. Hesab edirəm ki, bugünkü dövr futbolçularımız taktiki cəhətdən daha ağıllıdırlar. Amma əzmkarlıq cəhətdən bizim dövrün oyunçularını daha üstün saymaq olar. Bəlkə də bizim dövrdə individual olaraq güclü oyunçular daha çox idi. İndi isə futbolçularımız komanda oyununu daha üstün sayır.

writer photo
Əlirza Əlirzalı
0