Aslan Kərimov: "Zirə" "DAK 1904"ün öhdəsindən gələ bilər" - Müsahibə
24.07.2024 - 15:47
Aslan Kərimov: "Zirə" "DAK 1904"ün öhdəsindən gələ bilər" - Müsahibə

Azərbaycan millisinin sabiq üzvü, futbol mütəxəssisi Aslan Kərimov apasport.az saytına müsahibə verib.

- “Zirə” ilk görüşdə “Şerif”ə qalib gəlmişdi və növbəti mərhələyə də yaxın görünürdü. Ancaq Bakıda bu şansı əldən verdilər. Sizcə, “Zirə”nin mərhələ keçməməsinin əsas səbəbi nə idi? 
- Mən də, o cümlədən, futbol azarkeşləri də "Zirə"nin mərhələni keçəcəyinə inanırdıq. Həm Moldovada, həm də Bakıda oyunun strategiyası düzgün seçilmişdi. Bunun da öhdəsindən gəlirdilər. Amma hər şey qırmızı vərəqəyə qədər idi. Bu oyunda qələbə qazana bilməmələrinin əsas və balşıca səbəbi qırmızı vərəqə idi. Bir nəfər azlıqdasansa, "Şerif"də də yaxşı oyunçular varsa... "Şerif"in bəzi oyunçuları Afrika qitəsinin təmsilçilərinin millilərinin üzvləridir. Summanın qırmızı vərəqə alması, bu mərhələni keçməyə maneçilik törətdi. Səbəb də elə o idi. Əgər qırmızı vərəqə olmasaydı, əminəm ki, "Zirə" iki və ya üç top vuracaqdı. Çünki qırmızı vərəqəyə qədər olan oyunun gedişatına baxsaq, "Şerif"in topla oyunu yox idi, "Zirə" hücum edirdi. Topu itirəndə isə əks həmlə edib, topu yenidən ələ keçirib, özlərində saxlayırdılar. Amma bu səviyyədə oyunlarda bir nəfər azlıqdasansa, bunu etmək çətin olur.

- Ən diqqətçəkən məqam isə odur ki, “Zirə” penaltilərdə uduzdu və bu da Azərbaycan klublarının avrokuboklarda 10-cu dəfə penaltilər seriyasında məğlubiyyəti demək idi. Sizcə, Azərbaycan klubları niyə bircə dəfə də olsun penaltilər seriyasını uğurla keçə bilməyib? Həyəcan, təcrübəsizlik, yoxsa oyundan öncə hazırlaşmamaqdır səbəb?
- Penalti seriyasında istənilən komanda uduza bilər. Bəzən görürsən ki, ulduzlar da penaltini qaçırırlar. Kriştiano Ronaldonunu son Avropa çempionatında Sloveniya ilə görüşdə penaltini vura bilməməsi buna sübut idi. Roberto Bacco da vaxtı ilə vura bilməyib, Sokrates də həmçinin. Mükəmməl oynayan komandalar var ki, penaltilər seriyasında uduzublar. Penalti seriyalarında uduzmağımızı ustalıq səviyyəsinə bağlamıram. Bəlkə də həyəcanla bağlıdır. Karyerasında birinci dəfə belə mötəbər yarışda iştirak edən futbolçu səhv edir. Elə qırmızı vərəqəni alan da ilk dəfədir, avrokuboklarda oynayır. "Zirə"nin təcrübəsi yoxdur deyəndə, bu cür detalları nəzərə alırdım. Həyəcanı udmaqdan ötrü, gərək dəfələrlə bu cür turnirlərdə çıxış edəsən. Penalti seriyaları lotoreyadır. 

- Bu cür məğlubiyyətdən sonra "Zirə"nin psixoloji sarıdan toparlanıb, Konfrans Liqasının oyununa mental olaraq tam hazır çıxacağına inanırsız? 
- Həm Rəşadın, həm də onun köməkçilərinin belə anlarda təcrübəsi var. Oyunçuları belə psixoloji durumdan necə çıxarmaq lazımdırsa, nələrə əl atmaq lazımdırsa, onun öhdəsindən gələcəklər. Düzdür, iki məqam var. Mərhələni adlamağa bu qədər yaxın olub, onu edə bilməmələri təsir edə bilər. Məğlubiyyət də öz yerində. Amma Rəşad Sadıqovun komandası "Şerif"lə meydanda eyni sayda futbolçu olanda, onlara heç imkan vermirdilər. Bu, onlar üçün pozitiv məqam ola bilər. Konfrans Liqası oyununa da bu pozitivliklə çıxa bilərlər. Futbolçular toparlanıb, diqqətlərini Konfrans Liqasına cəlb edəcəklər. Biz "Real", "Barselona", "Mançester Siti" deyilik ki, Avropa Liqasında və ya Çempionlar Liqasında uduzduq, Konfrans Liqası bizim üçün ikinci dərəcəli turnirdir. Belə deyil də. Oyunçular bunu özləri dərk edir. Sadəcə bu qədər yaxın olub, belə uduzmaq psixoloji təsir edər. Amma məncə, məşqçilər korpusu uşaqlara motivasiya verəcək.

- Konfrans Liqasındakı rəqib isə Slovakiyanın "DAK Dunayska Streda" klubudur. Hansı ki, ötən mövsümü "Slovan"ın ardından ikinci pillədə başa vurublar. Sizcə, "Zirə" Slovakiyadan olan rəqibini keçəcək gücdədir və uğurlu nəticəyə inanırsız?
- Fikir bildirmək mənim üçün çətindir. Rəqibin hansı gücə malik olduğunu bilmirəm, oyunlarını görməmişəm. "Slovan"ın ardınca ikinci klubdur. Məsələn, bizdə "Qarabağ" var, ikinci olan komanda təcrübəsiz də ola bilər. "Qarabağ" qədər güclü olmaya bilər. Bu mənada, bir klubun ikinci yeri tutması hələ heç nə demək deyil. Amma ümumi götürəsi olsaq, Slovakiyada futbolun inkişafı çox yaxşı yerdədir. Avropa çempionatında da onların oyunlarını gördük. Düzdür, milli ilə klub səviyyəsi fərqlidir. Millidəkilərin əksəriyyəti legioner həyatı yaşayır. Lakin Slovakiyanın özündə də yetərincə istedadlı futbolçular var. Yəqin ki, oyun olaraq hara gəldi vurmurlar, daha çox kombinassiyalı, fiziki mübarizələrə dayanıqlı oyun göstərəcəklər. Heyətində legionerlər də var. Ən azından "Şerif" kimi komanda ilə qarşılaşacaqlar. O tipdə olmasa da, güc olaraq "Şerif"dən zəif olası deyil. Amma "Zirə" göstərdi ki, hər şey yaxşı olduğu halda, oyunçular bir balaca doğru istiqamətdə getdikləri halda, "Şerif" kimi rəqibə də qalib gələ bilirdilər. Çətin olacaq. Amma "Zirə" bunun öhdəsindən gələ bilər. Hər halda, "DAK Dunayska Streda" haqda birinci oyundan sonra konkret fikir bildirmək olar. 

- Yeri gəlmişkən, "Zirə" artıq "Şerif" kimi komanda ilə qarşılaşıb və iki ağır oyun keçirib. "DAK Dunayska Streda" isə bu mövsüm ilk oyununu "Zirə"yə qarşı keçirmiş olacaq. Bunun "Zirə" üçün müsbət, rəqib üçün mənfi tərəfləri var?
- Həm "Zirə", həm də "DAK Dunayska Streda" üçün hər şey eyni mərhələdən başlayır. "Zirə"nin artıq bir oyun oynaması, hələ heç nə demək deyil. Yenə də, bu oyunda ilk turlara xas olan oyun keçəcək. Hansısa xırda səhvlər, anlaşılmazlıq kimi detallar olacaq. "Zirə" "Şerif"ə qarşı Bakıda 120 dəqiqəlik oyun keçirdi. Bir həftədən sonra yenə oyuna çıxacaqlar. Bu hardasa yorucu ola bilər. Amma çempionatın əvvəlidir. Bir həftəyə o qədər də yorğunluq olmalı deyil. Bu matç hər iki komanda üçün eyni səviyyədə olacaq. "DAK Dunayska Streda"nın ilk mərhələdə başlaması, "Zirə"nin iki oyun oynaması hələ heç bir şeyi dəyişmir. 4-5 tur keçəsi olsaydı, nəsə demək mümkün idi. 

writer photo
Əlirza Əlirzalı
0