"Meydanda olanda başqa matçda baş verənlərə nəzarət edə bilməzsən".
Apasport.az xəbər verir ki, bunu İspaniya millisinin müdafiəçisi Sesar Azpilikueta deyib.
"Çelsi"nin futbolçusu İspaniya yığmasının DÇ-2022-nin qrup mərhələsində Yaponiyaya (1:2) qəsdən uduzması ilə bağlı ittihamları rədd edib: “İkinci hissədə Almaniya ilə matçın gedişindən xəbərim var idi, çünki əvəzlənmişdim və ehtiyat oyunçular skamyasında idim. Son illərə nəzər salsanız, qruplarda həmişə əlimizdən gələni etmişik, hər matçda qalib gəlməyə çalışmışıq. Beləliklə, məğlubiyyətdən ilk məyus olan bizik.
Meydanda olanda başqa matçda baş verənlərə nəzarət edə bilməzsən. Bilirdik ki, heç-heçə və ya qələbə qazanacağımız təqdirdə irəliləyəcəyik. Bu bizdən asılı olan yeganə şeydir”.
Qeyd edək ki, qrupu 2-ci yerdə bitirən ispanlar 1/8 finalda Xorvatiya əvəzinə Mərakeşlə qarşılaşacaq. Onların bunu etməklə 1/4 finalda Braziliya ilə qarşılaşmaqdan yayınmaq istəyi olduğu iddia edilir.