Azərbaycanı avrokuboklarda təmsil edəcək 4-cü komanda bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Qəbələ” 2023/24 mövsümündə qitə kuboklarında oynayacaq.
Elmar Baxşıyevin yetirmələri Konfrans Liqasına vəsiqə qazanıb. Bu, Misli Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Kəpəz”i qəbul edən Qəbələnin eyniadlı təmsilçisi 1:1 hesablı heç heçə ilə 4-cü yeri tutub.
“Qırmızı-qaralar” bununla da avrokuboklara son vəsiqəyə sahib çıxıb. Buna Azərbaycan kubokunun finalında qarşılaşacaq hər iki komandanın Premyer Liqanı “dördlük”də başa vurması səbəb olub.
Qeyd edək ki, 2023/24 mövsümündə “Qarabağ” Çempionlar Liqasında, “Sabah”, “Neftçi” və “Qəbələ” Konfrans Liqasında mübarizə aparacaq. Ağdamlılar I, digər təmsilçilərimiz II təsnifat mərhələsindən yarışa qoşulacaq.