“Qarabağ”la cavab oyunu planlaşdırdığımız kimi olmadı. Erkən qol ssenarini yenidən yazdı, amma yenə də belə dağılmamalı idik”.
Apasport.az saytının məlumatına görə, bunu Macarıstan klubu “Ferensvaroş”un futbolçusu Balint Veçsey Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları cavab oyunu barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi Budapeştdəki yenilginin səbəbləri barədə danışıb: “Oyunun axarını dəyişmək üçün bir çox elementlər çatışmırdı. İkinci hissədə daha çox risk etdik, irəli atıldıq. Təəssüf ki, rəqib əks-hücumlarından kifayət qədər yaxşı istifadə etdi. Əvvəllər də ciddi qarşılaşmalarımız olub, onları həll edə bilmişik. Bilirdik ki, “Qarabağ”ın ən kiçik səhvi belə cəzalandıracaq futbolçuları var. Biz isə kifayət qədər böyük səhvlərə yol verdik, onlar da bundan yararlandılar”.
Macarıstan millisinin üzvü Bakıdakı 1:1 hesablı heç-heçədən sonra evə ümidli yollandıqlarını desə də, öz meydanlarında istədikləri oyunu sərgiləyə bilmədiklərini vurğulayıb: “Matçda bir az yuxuya getdik, topu yavaş ötürürdük. Topa sahib olduqdan sonra da sürətli keçidlərin icrası praktiki olaraq uğursuz alındı. Topla yavaş davrandıq və rəqibi “sındıra” bilmədik. İkinci hissədə bunu yaxşılaşdırmaq istədik, alınmadı. Evdə irəliləyə bilmədiyimiz üçün məyusuq, bu da çox incidir”.
Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Ferensvaroş” pley-off mərhələsində İrlandiya klubu “Şemrok Rovers”lə qarşılaşacaq. “Qarabağ” isə Çempionlar Liqasının pley-offunda Çexiya “Viktoriya”sı (Plzen) ilə üz-üzə gələcək.