“Real”ın hücumçusu Luka Yoviç “Fiorentina”ya havayı keçəcək.
Apasport.az saytının məlumatına görə, bunun qarşılığında “Real” onun maaşında qənaət edəcək.
Klublar əvvəlcə serbiyalı hücumçunun birillik icarəyə götürülməsinə və “Real”ın bu müddətdə ona maaşının yarısını - 3 milyon avro ödəməsinə razılaşmışdılar. Lakin sonda tərəflər fərqli transfer formatında anlaşıblar. İtaliya təmsilçisi ulduz futbolçunun hüquqlarının 50 faizini pulsuz əldə edəcək. “Real” iki il ərzində onun transfer hüququnun yarısını əlində saxlayacaq. Əgər bu müddətdə “Fiorentina” oyunçunu satsa, pulun yarısı ispanlara köçürüləcək.
İki ildən sonra “Fiorentina” Yoviçə tam sahib çıxacaq və onunla yeni 2 illik müqavilə bağlamaq hüququna malik olacaq. Razılığa əsasən, həmin andan etibarən A seriyası təmsilçisi forvardın bütün maaşını ödəməlidir.
Qeyd edək ki, Luka Yoviç “Real”a 2019-cu ildə 60+5 milyon avro qarşılığında “Ayntraxt”dan keçib. 24 yaşlı forvard “kral klubu”nda 51 matçda 3 qol vurub.