Avrokubokların yeni formatı belə olacaq - FOTO
20.08.2024 - 15:48
Avrokubokların yeni formatı belə olacaq - FOTO

Azarkeşi olduğun klubun Çempionlar Liqasında mübarizə aparması xüsusi hissdir. O möhtəşəm himni eşitmək, yaşadığın həyəcan, rəqabət hissi… 

1955-ci ildə təsis edilən bu mötəbər turnir 1992-93-cü illər mövsümündən etibarən Çempionlar Liqası adı ilə tanınmağa başlayıb. Həmin mövsümdən bu yana turnirin formatında zamanla müxtəlif dəyişikliklər həyata keçirilib. İlk vaxtlarda azarkeşlərin böyük qismi futbola mühafizəkar yanaşır, hər hansı yeniliyin onun marağını azaldacağından narahat olur. Lakin nə qədər dəyişirsə dəyişsin, futbol daim öz saflığını qoruyub saxlamağı bacarır.  

Bəs yeni mövsümdən etibarən avrokuboklarda hansı yenilikləri görəcəyik? Gəlin, kiçik ekskursiyaya çıxaq.

Çempionlar Liqasında əvvəl 32 komanda mübarizə aparırdısa, artıq bu say 36-dır. Eyni dəyişiklik Avropa Liqası və Konfrans Liqası üçün də keçərlidir. 

Əvvəlki formatda komandalar hər birində 4 komanda olmaqla 8 qrupda mübarizə aparırdı. Mövsümün bu hissəsini qrup mərhələsi adlandırırdıq. Yeni formatda isə bu mərhələ turnirin liqa mərhələsi adlandırılır. Avropa Liqası və Konfrans Liqasının da qrupları artıq liqadır. Hər üç turnirdə 36 klubun hamısı vahid bir liqada mübarizə aparacaq.

Bu həyəcanverici dəyişiklik azərbaycanlı futbol azarkeşləri üçün də maraqlıdır. Çünki artıq təmsilçilərimiz Avropada daha çox oyun keçirəcək, daha çox qazanacaq və təcrübə toplayacaq. 

Əvvəl komandalar qrup formatında üçü evdə, üçü səfərdə olmaqla ümumilikdə 6 oyun keçirirdi. Yeni formatda isə avrokuboklarda mübarizə aparan hər bir komanda liqa mərhələsində ümumilikdə 8 görüşə çıxacaq. Bu həm də 8 fərqli komanda ilə oynamaq deməkdir. Məsələn, götürək “Qarabağ”ı. “Qarabağ” avrokubokların liqa mərhələsində 8 fərqli komanda ilə bir-birindən həyəcanlı matçlara çıxacaq. Bu oyunların 4-ü doğma meydanda, 4-ü isə səfərdə baş tutacaq. 

“Zirə” isə Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanacağı təqdirdə 6 rəqibə qarşı gücünü sınayacaq. Təmsilçimiz bunlardan üçünü evdə, üçünü isə səfərdə oynayacaq.

Bəs rəqiblər necə müəyyənləşir? Çempionlar Liqası və Avropa Liqasının liqa mərhələsində 8 fərqli rəqibi müəyyənləşdirmək üçün başlanğıcda klublar dörd səbətdə sıralanır. Daha sonra klubun bu səbətlərin hər birindən iki rəqiblə oynaması üçün püşk atılır. Məsələn, “Qarabağ” hər səbətdən bir komandaya qarşı bir matçı evdə, digərini isə səfərdə oynayacaq. 



Doğrudur, yeni format azarkeşlər üçün xeyli maraqlıdır, amma futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, oyun sayının artması futbolçuların sağlamlığına ciddi zərər vura bilər. Bununla bağlı hansı tədbirlərin görüləcəyi isə hələ ki bəlli deyil. 

Keçid alaq Konfrans Liqasına. Burada söhbət bir qədər fərqlidir. Bu turnirdə səbətlər 1-ci və 2-ci, 3-cü və 4-cü, 5-ci və 6-cı olmaqla 6 hissəyə bölünür. Hər komanda bu sıralı səbətlərdən biri ilə evdə, digəri ilə səfərdə oynayacaq.

Bayaq demişdik ki, komanda sayı 32-dən 36-ya qaldırılıb. Bəs qalan 4 komanda necə müəyyən edilir? Bunun da cavabı bizdədir.

Belə ki, birinci sıradakı komanda UEFA ölkə sıralamasında 5-ci olan liqanın bürünc mükafatçısı olacaq. 

“Çempionlar Yolu” adlandırılan Pley-off sistemindən gələcək 4 komanda sayı 5-ə yüksələcək. İkinci sıra bu mərhələdən gələcək bir çempionatın qızıl medalçısının olacaq.

Üçüncü və dördüncü sıralar əvvəlki sezonun UEFA müsabiqələrində ən çox xal qazanan iki ölkənin komandalarına veriləcək. Məsələn, həmin mövsüm İngiltərə və Fransa daha çox ölkə xalı toplayıbsa, normal şərtlərdə bu ölkələrin Çempionlar Liqasına göndərdiyi komanda sayının ardındakı sıralamadakı komandalar Çempionlar Liqasına qatılacaq. 

Bəs liqa formatının davamı necə olacaq? Üç turnirdə də komandaların oynayacağı 8 matçdan sonra sıralamadakı yerlər bəlli olacaq. İlk 8 pillədəki komanda 1/8 final mərhələsini təmin edəcək. Çempionlar Liqası turnirini 25-ci və ya daha aşağı sırada bitirən komandalar isə UEFA Avropa Liqasında oynamaq şansını itirəcək. Liqanı 9-16-cı pillələrdə bitirən komandalar seçmə mərhələnin pley-off püşkatmalarında olacaqlar. Bu klublar 17-24-cü sırada qərarlaşan rəqiblərlə oynayacaq.

Pley-off mərhələsində uğurlu nəticə göstərənlər birbaşa 1/8 final mərhələsinə gedən klublarla üz-üzə gələcək. 

1/8 final mərhələsindən etibarən oyunlar keçmiş sistemdəki kimi keçiriləcək. Final isə UEFA tərəfindən seçilən neytral stadionda təşkil ediləcək. 

Bəs avrokubok həyəcanını nə vaxtdan yaşamağa başlayacağıq? Çempionlar Liqası və Avropa Liqası matçları sentyabr və yanvar ayları arasında keçiriləcək. Konfrans Liqası isə sentyabrda başlayıb, dekabrda yekunlaşacaq.

Hər üç turnirin liqa mərhələsinin son oyun günündə bütün görüşlər eyni anda keçiriləcək. 

Bu yeni qaydaların futbola nə qədər töhfə verəcəyini zaman göstərəcək. Əmin olduğumuz bir şey var ki, bu il azarkeşlər üçün avrokuboklar xüsusilə maraqlı olacaq.  

writer photo
Əlirza Əlirzalı
0