Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" "Qəbələ" (2:1) matçı başa çatdıqdan sonra ev sahibi komandanın çalışdırıcısı Ayxan Abasov oyun haqqında fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Gərgin oyun idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. 12-ci oyunçu bu gün öz sözünü dedi. Futbolçularda bir az basqı var idi. Yuxarı pillələrdə ola bilərik. Çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. İstədiklərimizi yavaş-yavaş görə bilirik.
- Qələbələr gəldikcə azarkeşlər avrokuboklara vəsiqə qazanmağı tələb etməyə başlayır. Bu, sizi qorxutmur?
- Yox, qorxutmur. Düzgün təhlil etsək, görərik ki, klub olaraq irəliləyiş var. Futbolçular basqını üzərlərindən ata biliblər. Artıq evdə ev sahibi kimi oynaya bilirik. Yeni gələn oyunçular, adaptasiya... Bunda da irəliləyiş var. Bu işlər görüldükcə nəticə gələcək. Azarkeş hər zaman istəyəcək. Amma bizim planımız var. Pillə-pillə irəli getmək istəyirik. Bəzi məqammlar var ki, vaxt lazımdır. Bu gün lazımsız dəqiqədə qol buraxdıq. Oyun kontrolumuzda idi. Bunlara vaxt lazımdır. Azarkeşləri başa düşürük.
- Aleks tez zamanda komandaya uyğunlaşdı. Onun oyununu necə dəyərləndirirsiniz?
- Onu yayda transfer etməık istəyiridik, alınmadı. Gəncdir, istiqanlıdır. Komandada özünü elə aparır ki, sanki əsl tovuzludur. Amma tələsmək lazım deyil. Bu tempi saxlamaq çətin olacaq. Futbol çox çətin və maraqlıdır. Çalışırıq ki, onları yaxşı formada saxlayaq. Potensiallı futbolçudur, çox şey gözləyirik ondan.
- Ayxan Quseynovun Azərbaycan vətəndaşlığı alması məsələsi həll olunub?
- Xeyr. Yəqin ki, millinin baş məqşçisi istəməlidir ki, bu, baş tutsun.
- Başqa ölkələrdə doğulan azərbaycanlı futbolçular burada legioner limiti ilə oynayır. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Əla mövzudur. Mənim təklifim odur ki, kənardakı azərbaycanlı futbolçular legioner sayılmasın. Türkiyəyə baxaq. Almaniyada doğulan oyunçular yerli statusla çıxış edir. Eldar Quliyev, Ayxan Quseynov zatən azərbaycanlıdır. O futbolçulara yerli statusu verməliyik. Bu futbolçuları qazanmaq lazımdır. Digər ölkələrin akademiyasında böyüyüblər. Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur.