"Şamaxı"nın yeni baş məşqçisi Ayxan Abbasov apasport.az saytına müsahibə verib.
- "Şamaxı" yeni mövsüm hazırlıqlarına iyulun 1-də başlayacaq. Yəqin ki, işiniz çətin olacaq. Hər halda, hardasa komandanı sıfırdan yığmalı, Premyer Liqada rəqabətə davamlı etməli olacaqsız?
- Bir aydan bir az çox vaxtımız var. Əlbəttə ki, sıfırdan başlayırıq. Amma inanıram ki, yaxşı olacaq. Çox çətin olacağı da dəqiqdir. Məşqçilər, futbolçular, rəhbərlik, azarkeşlər səbrli olmalıyıq. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada qalmaq, çətin oyunlarda, mübarizədə möhkəm olmaqdır. Hər kəs bizi nə gözlədiyini də bilir. Ona hazır olmağa çalışacağıq. Buna inanmasaydıq, mübarizəyə qol qoymazdıq. Əsas odur ki, ilk növbədə düzgün qərarlar vermək, seleksiya aparmaq, istədiyimiz futbolçuları tam da gətirə bilməsək də, çalışacağıq ki, yaxşı kollektiv formalaşdıraq. Bunu edəcəyimizə çox inanıram. "Şamaxı" üçün ən yaxşısı nədirsə, onu da edəcəyik.
- Ötən mövsüm Birinci Liqada mübarizə aparan "Şamaxı"nı heç izləyirdiz? Bu komanda haqda fikriniz necə idi?
- Birinci Liqadakı mübarizədən xoşum gəlirdi. Ötən mövsüm kkubok oyunları da canlı yayımlananda, canlı izləyirdim. Tək "Şamaxı"nın yox, digər görüşlərə də baxmışdım. "Şamaxı"nın son turdan öncəki "Qaradağ-Lökbatan"la görüşünə 70 dəqiqə baxmışdım. Yaxşı mübarizə getdi, önəmli qələbə qazandılar. Ümumi olaraq, Birinci Liqadan məlumatım var idi.
- "Şamaxı"nın birdən-birə iddialı olması, avrokuboklar uğrunda mübarizə aparması yəqin ki, real deyil. Bəs, rəhbərliklə bu haqda söhbətinizdə "Şamaxı"nı qarşıdakı neçə illik plan əsasında iddialı formaya gətirməyi düşünürsüz?
- Reallıq budur ki, bizdə uzunmüddətli plan tutmaq olmur. Bu gün klublar birdən-birə fikirlərini dəyişirlər. Ən çox da avrokuboklarda oynamaq istəyirlər. Bu gün Birinci Liqada klublar var ki, rəhbərlikləri Premyer Liqaya yüksəlməmiş deyir ki, iki ildən sonra avrokuboklarda oynayacağıq. Bu gün bizdə fikirlər başqadı. Məncə, biz ilk növbədə fikirdə uduzuruq. Klublar qarşılarına məqsəd olaraq öncə onu qoymalıdır ki, biz böyük klub, iddialı komanda olmalıyıq. Avrokuboklara oynamaq, iddialı olmaq təkcə, əsas komandadan ibarət deyil. Ondan önəmli də nüanslar var. Onları edə bilsək, klub hər mövsüm iddialı olacaq. İstəsə də, istəməsə də, yəni buna hazır olacaq. Təəssüf ki, biz bu gün dar düşünürük, fikirləşirik. Yəni, qısamüddətli. Bu gün də görürük ki, qısa müddət və dar düşüncəyə görə, daimi olmurlar. Bu gün böyük düşüncəli klublarımız var ki, iddialıdırlar. Hər il heç onlara deməyə ehtiyac yoxdur ki, qarşısına hansı məqsəd qoyulub. Onların məqsədləri çempionluq, avrokubok, medalçılar sırasına düşməkdir. Bunun üçün hazır olmaq, bünövrəni yaxşı qurmaq lazımdır. Biz realist olmuşuq, rəhbərlik də bilir ki, sponsorumuz yoxdur. Dövlətin ayırdığı pulla komanda qurmalıyıq. Amma burada da əlimizi aşağı salıb deməməliyik ki, sponsorumuz yoxdur, bəhanə gətirməməliyik. Razılaşmışıq, işə qol qoymuşuqsa, demək ki, bu büdcə komanda formalaşdırmalıyıq. Yaxşı bünövrə qoysaq, Premyer Liqada güclənsək, iddialar yüksələcək. Bunu gələcək göstərəcək.
- Yəni, "Şamaxı"nın yeni mövsüm əsas məqsədi Premyer Liqada qalmaq olacaq...
- Bəli, əsas məqsədimiz Premyer Liqada qalmaq olacaq. Elə bunun üçün mübarizə aparacağıq.
- Komandanın yerli transferləri az deyil, amma legioner transferi Belajdi Pusi və Brahim Konatedir. Legioner transferlərinin davamı gələcək? Maliyyə durumunu da nəzərə alsaq, rəhbərlik tərəfdən legioner transferi baxımından limit var?
- Heç bir limitimiz yoxdur, sadəcə bəlli büdcəmiz var və onunla razılaşdıq. Ona da uyğun komanda formalaşdıracağıq. Düzünü deyim, istəyərdim ki, legioner az olsun. Amma istədiyim yerli futbolçuları gətirim. Lakin təəssüf ki, bu gün yerli bazarda çətindir. Digər klubların bu qiymətləri futbolçulara verməsi... Əlbəttə, biz o qiymətdə maaşları verə bilmərik. İstədiyimiz mövqelərə oyunçular tapmışıq. Bir-iki mövqeyə istəyərdim ki, yerlilər var, onları görüm. Sevinirəm ki, gəncləri komandaya cəlb etmək asan oldu. Özləri də bizimlə çalışmağı istədilər. Bu da bizi sevindirir. Bir çox futbolçular da var, onlarla çalışmaq istədik. Amma nəsib olmadı. Yerli tapmırıqsa, demək ki, legioner gətirməliyik. Seleksiyamız indi də gedir. Brahim Konateni tanıyırdım, onu "Turan Tovuz"a müəyyən səbəblərə görə gətirə bilməmişdim. Belajdi Pusinin özü çalışmaq istəyirdi. Qapıçı transferi etmişik. Bundan sonra 4 legioner də dəvət edə bilsək, yaxşı olacaq. Çalışacağıq ki, bunu edək. İş gedir. Pulumuz olarsa, qalarsa, başqa oyunçulardan yana da istifadə edə bilərik. Amma bugünkü gündə heyəti formalaşdırmaq üçün hansı mövqeyə lazımdırsa, gücü ora verəcəyik.
- Ötən iki mövsümdə sizinlə "Turan Tovuz"da çalışan yerli və xaricilərdən yalnız Belajdi Pusini görə bildik. Əksəriyyəti müqavilə müddətini artırdı. Heç "Turan Tovuz" futbolçularından "Şamaxı"da görmək istədikləriniz var idi?
- Hər dəfə deyirdim ki, "Turan Tovuz"u bir illik yığmamışıq, iki mövsümlük heyət idi. Bu gün də görürük ki, legionerlərin müqavilələri var. Bu gün də ondan klub qazandı. Gerçək demək lazımdır. Aleks Serrano, Aleks Souza, Denis Marandiçi, Paçu, Roderik Miller, Otto Con kimi futbolçular var. Bugünkü gündə onları hazırkı müqavilələrində olan qiymətə "Turan Tovuz"a gətirmək olmazdı. Demək ki, klub burada həm oyunçu, həm də maliyyə baxımından qazandı. Buna da "Turan Tovuz"un imkanı var idi. Müqavilələri 2 illik etdik. Amma bu gün "Şamaxı"da bunu edə bilmirik. Risk edə bilmirik. Amma bunu da edəndə, klub qabağa düşür. Bir-iki futbolçu var ki, " Şamaxı"da onu görmək istəyərdim. "Turan Tovuz"la "Şamaxı"nın maliyyəsi eyni deyil. Futbolçular harada yaxşı şərait varsa, harada yaxşı pul təklif edirlərsə, onu seçirlər. Amma biz yeni adlar da qazanmaq istəyirik. " Turan Tovuz"a gələndə Veysəl Rzayevi, Fərid Yusiflini heç kim tanımırdı. Xəyal Nəcəfovu yenidən qazandırdıq. Faiq Hacıyevi də qeyd etmək istəyirəm. Burada da yeni adlar qazanacağıq.
- Yeni mövsümün 2023/2024 mövsümündən daha ağır keçəcəyini ehtimal edirsiz?
- Belə fikirləşmək olar. Azərbaycan çempionatı həmişə ağır keçir. Çempionluq uğrunda "Qarabağ"ın rəqibi iki komanda ola bilər. Onlar nə qədər dözəcəklər, zaman göstərəcək. "Qarabağ"ın performasından da çox şey asılı olacaq. Medallar uğrunda mübarizəyə gəldikdə, keçən mövsüm gördük ki, "Neftçi" avrokuboklara gedə bilmədi, "Səbail" və "Turan Tovuz" sona 4-5 tura qədər avrokuboklar üçün mübarizə apardı. Maraqlı keçdi. Premyer Liqada qalmaq uğrunda "Kəpəz" və "Qəbələ" oynadı. Sadəcə "Qəbələ" tez təslim oldu. Bu mövsüm hansı komandalar yaxşı başlayacaq, uzun marafona dözəcək çempionatın gedişatı göstərəcək. Gözləmədiyimiz komandada düşüş ola bilər, gözləmədiyimiz komanda yuxarıda ola bilər. Çempionluq, avrokubok və liqada qalmaq uğrunda mübarizə gedəcək.